Tofiq Musayev: Azərbaycan gəncləri sülh mədəniyyətinin qurulmasında mühüm rol oynayır
- 04 sentyabr, 2025
- 21:02

Azərbaycanın gənclər siyasəti tolerantlıq və qarşılıqlı anlaşmanın təşviqi, gənc nəslin gücləndirilməsi, onların siyasi, iqtisadi və mədəni həyata, həmçinin milli inkişaf proseslərinə və beynəlxalq əməkdaşlığa fəal şəkildə cəlb olunması üzərində qurulub.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT-nin "Sülh Mədəniyyəti üzrə Fəaliyyət Proqramının həyata keçirilməsi"nə həsr olunmuş yüksək səviyyəli forumda çıxışında deyib.
"Gənclərin Sülh Mədəniyyəti üçün Səlahiyyətləndirilməsi" mövzusunda keçirilən tədbirdə çıxış edən səfir bildirib ki, gənclərin liderlik və qərar qəbuletmə proseslərinə fəal şəkildə qoşulması dayanıqlı inkişafın təşviqi, yoxsulluğun azaldılması, münaqişə və zorakılıq risklərinin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
O, xüsusilə qeyd edib ki, Azərbaycan gəncləri sülh mədəniyyətinin qurulmasında vacib rol oynayır. Bununla yanaşı, ölkə daxilində görülən tədbirlər, xüsusilə də münaqişədən sonrakı genişmiqyaslı reabilitasiya, bərpa və minatəmizləmə işləri xüsusi əhəmiyyət kəsb edir. Bu addımlar məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək üçün mühümdür.
Diplomat vurğulayıb ki, Azərbaycan sülh mədəniyyətinin dəyərlərinin təşviqinə, həmçinin təhsil, dialoq və əməkdaşlıq vasitəsilə beynəlxalq öhdəliklərin icrasına sadiqdir.