Tacikistanda Vətən müharibəsi şəhidləri anılıb
- 26 sentyabr, 2025
- 22:07

Azərbaycanın Tacikistandakı səfirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
"Report"un məlumatına görə,tədbirdə jurnalistlər, Azərbaycan icmasının nümayəndələri, səfirlik əməkdaşları, o cümlədən tələbələr iştirak ediblər.
Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov Anım Günündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin hörmət və ehtiramla yad edildiyi bildirib. O, 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistanın 30 illik işğalına son qoyulduğu, Azərbaycanın ərazi bütövlüyünü və bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarının təmin edildiyi qeyd edib. Vətən müharibəsinin və 2023-cü ilin sentyabrında Qarabağda həyata keçirilmiş 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin beynəlxalq hüququ və tarixi ədaləti bərpa etdiyini bildirib.
O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə güclü ordu qurulduğunu, ölkəmizin iqtisadi əsaslarının möhkəmləndirildiyini, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını vurğuayıb. Bu gün Azərbaycan xalqının müzəffər xalq, Azərbaycan dövlətinin isə qalib dövlət kimi regionda yeni reallıq yaratdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfir regionda sülhün bərqərar olması istiqamətində atılan addımlardan söz açaraq avqustun 8-də Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanmasının bölgə üçün tarixi əhəmiyyət daşıdığını qeyd edib. Bununla Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün yeni imkanlar açıldığı diqqətə çatdırılıb. Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri təkcə iki ölkənin deyil, bütövlükdə regionun firavan gələcəyinə xidmət etdiyi vurğulanıb.
Tədbir çərçivəsində videoçarx nümayiş etdirilib, həmçinin Anım Günü ilə əlaqədar yaradılmış guşədə fotoşəkillər nümayiş olunub.