Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Xarici siyasət
  • 26 avqust, 2025
  • 14:18
Salem Əl-Ketbi: Əliyev və Paşinyan Cənubi Qafqazda xəritələri və marşrutları yenidən formalaşdıra biləcək saziş imzalayıblar

Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqton sammiti və əldə edilmiş tarixi razılaşmalar regional siyasi təqvimdə sadəcə adi bir hadisə deyil, Cənubi Qafqazda təsir xəritələrini və ticarət marşrutlarını yenidən formalaşdıra biləcək dönüş nöqtəsidir.

“Report” xəbər verir ki, bu barədə BƏƏ-dən olan siyasi analitik Salem Əl-Ketbinin İsrailin 7-ci kanalı üçün yazdığı məqalədə deyilir.

"2025-ci il avqustun 8-də Ağ Ev ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan lideri İlham Əliyev və Ermənistan lideri Nikol Paşinyan arasında tarixi sazişin imzalanmasına şahidlik etdi. Saziş Zəngəzur dəhlizinin yaradılmasını nəzərdə tutur. Bu dəhliz həssas regiondan keçir və İran və Rusiya ərazilərindən yan keçməklə Mərkəzi Asiyanı Avropa qitəsi ilə birləşdirən "Orta Dəhliz" layihəsinin bir hissəsidir. Əslində, bu saziş regional siyasi təqvimdə adi bir hadisə deyil, Qafqazda təsir xəritələrini və ticarət marşrutlarını yenidən formalaşdıra biləcək dönüş nöqtəsidir", - Əl-Ketbi yazır.

Ekspertin sözlərinə görə, iqtisadi baxımdan Zəngəzur dəhlizi Cənubi Qafqazda həyati əhəmiyyətli sektorları stimullaşdıra biləcək logistika obyektləri, gömrük mərkəzləri, kommersiya və sənaye xidmət zonalarını özündə birləşdirən kompleks layihədir.

"Şübhəsiz ki, bu dəhlizin gətirə biləcəyi iqtisadi faydalar Qafqazın hüdudlarından kənara çıxır. Azərbaycan və Ermənistan üçün bu, qlobal ticarət xəritəsində öz mövqelərini dəyişmək və Avropa və Mərkəzi Asiya bazarlarına açılmaq imkanıdır. İllərdir ənənəvi enerji və nəqliyyat marşrutlarından asılılığı azaltmağa çalışan Avropa üçün bu dəhliz iqtisadi təhlükəsizliyin yeni arteriyasıdır. Əslində, Ukrayna müharibəsindən sonra Avropanın enerji böhranı ilə bağlı təcrübəsi marşrutların şaxələndirilməsi ideyasını qitənin iqtisadi və siyasi təhlükəsizliyinə təsir edən strateji zərurətə çevirdi", - o qeyd edib.

Əl-Ketbi həmçinin hesab edir ki, bu layihə İranı coğrafi olaraq ən mühüm regional tranzit marşrutlarından birindən təcrid edir.

Ekspert vurğulayır ki, daha geniş mənzərədə dəhliz yalnız nəqliyyat layihəsi kimi nəzərdən keçirilməməlidir. Onun uğuru uzun müddət gərginlikdən əziyyət çəkən regionda təhlükəsizlik və iqtisadi sabitliyin bərqərar olmasını təmin edəcək, habelə onu Şərqlə Qərb arasında əsl körpüyə çevirəcək.