Rendi Koul: ABŞ universitetlərinin azərbaycanlı məzunları əməkdaşlığın inkişafı üçün vacibdir
- 29 sentyabr, 2025
- 19:27

ABŞ universitetlərinin azərbaycanlı məzunları ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayırlar.
"Report" xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Rendi Koul məzunların illik qala gecəsinin kuluarlarında jurnalistlərə açıqlamasında deyib.
"Bu gün biz ABŞ-də təhsil almış tələbələrin daxil olduğu Məzunlar Assosiasiyasını, eləcə də ABŞ hökumət proqramlarının 8 mindən çox azərbaycanlı məzununu şərəfləndirmək üçün bir araya gəlmişik. Bu il biz həmçinin ABŞ hökumətinin ən nüfuzlu və effektiv mübadilə təşəbbüslərindən biri olan Beynəlxalq Liderlik Ziyarətçi Proqramının 85-ci ildönümünü qeyd edirik. Biz müxtəlif proqramlar və nəsillərdən olan bir neçə yüz məzunu salamlamaqdan məmnunuq.
Məzunlarımız ABŞ-Azərbaycan əlaqələrinin mərkəzində dayanır. Onlar insanları və icmaları birləşdirir. Onların ölkə üzrə fəaliyyəti - Gəncə, Lənkəran, Şəki və digər şəhərlərdə gördüyü işlər xalqlarımız arasında əlaqələri möhkəmləndirir və yerli icmalara real, müsbət dəyişikliklər gətirir", - o qeyd edib.
Koulun sözlərinə görə, təhsil sahəsində ikitərəfli əlaqələrin gücləndirilməsi avqustun 8-dəki Vaşinqton sammitindən sonra xüsusilə vacibdir.
"Bu iş avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanmış sülh sazişinin paraflanmasından sonra xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistan yeni səhifə açdıqca, məzunlarımızın töhfələri sülhün davamlı olması və gələcək nəsillər üçün imkanların açılmasında mühüm rol oynayacaq", - o əlavə edib.