Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir

Xarici siyasət
  • 18 oktyabr, 2025
  • 10:43
Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir
İlham Əliyev

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.

"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində söyləyib.

Dövlət başçısı xatırladıb ki, keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. "Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb", - Prezident qeyd edib.

Dövlət başçısı 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini ayrıca qeyd edib. "Bu hadisə türk elminin, mədəniyyətinin, birliyinin inkişafında mühüm mərhələ oldu. Gələn il bu əlamətdar Forumun keçirilməsinin 100 illiyi tamam olur və Birinci Türkoloji Qurultayın ildönümünün TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır", - İlham Əliyev vurğulayıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan və Qazaxıstan xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir: "2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir".

Son xəbərlər

Bütün Xəbər Lenti