Ömər Kocaman: Azərbaycan türk dünyasında əsas rol oynayır
- 29 sentyabr, 2025
- 10:04

Azərbaycan bu gün türk dünyasında əsas rol oynayır və regionda ticarətin, nəqliyyat əlaqələrinin inkişafında mühüm həlqə kimi çıxış edir.
"Report"un məlumatına görə, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömər Kocaman Bakıda keçirilən "Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi" konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan TDT-nin güclü regional aktora çevrilməsində və inkişafında mühüm rol oynayır.
"Qeyd etmək lazımdır ki, təşkilatımızın yaradılması haqqında sənəd - Naxçıvan Bəyannaməsi Azərbaycanda imzalanıb. Bu gün Azərbaycan türk dünyasında körpü rolunu oynayır", - Ö.Kocaman əlavə edib.
O, həmçinin xatırladıb ki, Azərbaycan tezliklə TDT liderləri sammitinə ev sahibliyi edəcək: " Bu il oktyabrın 6-7-də Qəbələ şəhərində TDT dövlət başçılarının sammiti keçiriləcək. Düşünürəm ki, bugünkü konfransdakı müzakirələrimizin nəticəsi olaraq əldə ediləcək fikirlər və ideyalar Qəbələdə keçiriləcək sammitin nəticələrinə də öz töhfəsini verəcək".