Nadia Boyadjieva: Azərbaycanın milli mədəni irsinin bərpasını tələb etməsi beynəlxalq hüquqa tam uyğundur

Xarici siyasət
  • 05 dekabr, 2025
  • 13:33
Nadia Boyadjieva: Azərbaycanın milli mədəni irsinin bərpasını tələb etməsi beynəlxalq hüquqa tam uyğundur

Azərbaycanın milli mədəni irsinin bərpa və qorunmasını tələb etməsi beynəlxalq hüquqa tam uyğundur.

"Report" xəbər verir ki, bunu Bolqarıstan Elmlər Akademiyasının Balkan Araşdırmaları İnstitutunun professoru və Harvard Universitetində uzunmüddətli dəvət olunmuş tədqiqatçı Dr. Nadia Boyadjieva Bakıda "Mədəni irs və qayıdış hüququ" mövzusunda baş tutan III beynəlxalq konfrans çərçivəsində "Qeyri-maddi irs: qayıdışın canlı əsaslarının dirçəldilməsi" adlı panel sessiyada deyib.

O bildirib ki, insan hüquqları sırasında mədəni irs hüququ da yer alır:

"Bir çox beynəlxalq məhkəmələr qəbul etdikləri qərarlarda mədəni irs hüquqlarını qoruyur. Azərbaycanın milli mədəni irsinin bərpa və qorunmasını tələb etmək də beynəlxalq hüquqa tam uyğundur. Çünki keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bu irs dağıdılıb".

İordaniya Haşimi Universitetinin Queen Rania adına Turizm və irs fakültəsinin professoru Moh'd Wahib Ali Hussein də Azərbaycanın maddi və qeyri-maddi irsinin böyük dağıntılara məruz qaldığını deyib.

"Mədəni irsin qorunması üçün konkret tədbirlər görülməlidir. Azərbaycanlılar etnik təmizləməyə məruz qalıb, ancaq onların yurdlarında mədəni irsinin qorunması çox önəmlidir. Azərbaycan və Ermənistan Vaşinqtonda sülh sazişinin mətnini parafladılar. Bu, münasibətlərin bərpası üçün gözəl fürsətdir. Cari imkanlardan maksimum yararlanmaq lazımdır və Ermənistanda Azərbaycan mədəni irsinin qorunması üçün konkret mexanizmlər yaradılmalıdır.

Biz də universitetimizdə bu məsələnin üzərində işləyirik. Azərbaycan mədəni irsinin Ermənistanda qorunmasında süni intellektdən istifadə çox vacibdir. Azərbaycan mədəni resurslarının Ermənistanda idarə edilməsi böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə Koordinasiya Qrupu yaradılmalıdır", - o vurğulayıb.

Son olaraq İsveç rejissoru Mikael Silkeberg Bakının Nobel irsinə töhfəsindən danışıb:

"Skandinaviya ölkələrindən başqa yeganə Nobel muzeyi (Nobel Qardaşları Muzeyi -müəl.) Azərbaycanda yerləşir. Həmçinin, bu gün Azərbaycandan çoxlu sayda gənc İsveç təqaüdündən faydalanaraq təhsilini ölkəmizdə davam etdirir. Bu da bizim yaxşı əlaqələrimizin nümunəsidir.

Bu gün Azərbaycan və Ermənistan arasında sülh imkanı yaranıb. Ancaq vaxtilə münaqişə zamanı Azərbaycan mədəni abidələri darmadağın edilib. Ümid edirəm ki, burada gördüyümüz işlərlə biz dünyanın diqqətini Qərbi azərbaycanlıların qayıdışına yönəldə biləcəyik".

Son xəbərlər

Bütün Xəbər Lenti