KİV: Azərbaycan 2026-cı ildə Ermənistanla sülh prosesinə nikbin yanaşır
- 10 dekabr, 2025
- 15:23
Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinin cari dinamikası 2026-cı ildə də tərəqqi üçün real əsas yaradır.
"Report"un "The Brussels Times"a istinadən məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Brüsseldə brifinqdə bildirib.
Nəşr yazır ki, E.Əmirbəyovun jurnalistlərlə müzakirəsinin əhəmiyyətli hissəsi Ermənistan və Azərbaycan arasında sülh prosesinin inkişafına həsr olunub: "E.Əmirbəyov otuz ildən artıq münaqişədən sonra indiki anı "sülhə nail olmaq üçün son müddət deyil, üfüq" kimi xarakterizə edib".
E.Əmirbəyov bildirib ki, sülhquruculuğu hər iki tərəfə uzunmüddətli normallaşmanı dəstəkləmək və adaptasiya üçün vaxt verərək "yavaş, amma doğru" şəkildə həyata keçirilməlidir.
"Elçin Əmirbəyov vurğulayıb ki, beynəlxalq iştirakçılar (Azərbaycan və Ermənistan arasında sülh prosesində - red.) yardımçı, lakin mərkəzi olmayan rol oynamalıdırlar. O, barışıq üçün vaxt, ardıcıllıq və etimadın tədricən bərpası tələb olunan Şimali İrlandiyanı nümunə gətirib. O, çətinliklərə baxmayaraq 2025-ci ilin regional münasibətlərdə dönüş nöqtəsi kimi yadda qala biləcəyinə və hadisələrin cari inkişaf trayektoriyasının 2026-cı ildə və sonrakı illərdə tərəqqi üçün real əsas yaratdığına dair ehtiyatlı nikbinlik ifadə edib", - nəşrin materialında bildirilib.