Kahramanmaraşın millət vəkili: "Azərbaycan məhəlləsi"ndə artıq həyat başlayıb

Xarici siyasət
  • 16 dekabr, 2025
  • 15:45
Kahramanmaraşın millət vəkili: Azərbaycan məhəlləsində artıq həyat başlayıb
Nevzat Pakdil

Zəlzələ nəticəsində dağıntıya məruz qalan Kahramanmaraşda inşa edilən möhtəşəm "Azərbaycan məhəlləsi"ndə həyat artıq öz axarına düşüb.

Bu fikirləri "Report"un Türkiyə bürosuna açıqlamasında hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) Kahramanmaraş vilayəti üzrə millət vəkili Nevzat Pakdil bildirib.

O deyib ki, 2023-cü ilin fevralında Türkiyədə baş verən dəhşətli zəlzələnin mərkəzi Kahramanmaraş olduğu üçün zərərə məruz qalan 11 vilayət və ətraf ərazilər arasında ən çox dağılan da elə şəhərin mərkəzi, indi "Azərbaycan məhəlləsi" yerləşən ərazi olub:

"Ağır günlərimizdə ilk bizim yanımızda olan, maddi və mənəvi dəstək göstərən Azərbaycan hökuməti öz adını daşıyan məhəllənin inşasına da böyük əmək verdi. Möhtəşəm şəhər inşa edildi və orada artıq həyat başlayıb. Bununla da Azərbaycan bizim yaddaşımızda unudulmaz, ali, insani hisslər buraxdı. Buna görə Türkiyə və Kahramanmaraş adına Azərbaycan xalqına, dövlətinə, hökumətinə bir daha təşəkkürümü bildirirəm".

Azərbaycan-Türkiyə əlaqələrinin qədim tarixə söykəndiyini vurğulayan millət vəkili hazırda bütün sahələrdə müttəfiq olan iki ölkənin regionda mövqeyinin də eyni olduğunu bildirib:

"Biz iki dövlət, bir millətik. Türkiyə ilə Azərbaycanın ortaq məsələsi olanda hər birimiz buna öz dəyərlərimiz mövqeyindən baxmalıyıq. Çünki biz tarixən qardaş ölkələrik".

N.Pakdil Türkiyə-Azərbaycan əlaqələrinin Türk dünyasına da müsbət təsirini qeyd edib.

"Azərbaycan və Türküstan coğrafiyası ta qədimdən elm, mədəniyyət mərkəzi olub. Fərabilər, Nizamilər, ən böyük sufi alimlər məhz bu coğrafiyada yetişib. Türkiyə-Azərbaycan birliyi Türk dünyasını bir yumruq kimi birləşdirdiyi üçün qürurla deyə bilərik ki, bu əsr türk əsridir", - o vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti