İsrail səfiri: Azərbaycanla əməkdaşlığın daha da dərinləşəcəyinə nikbin yanaşıram - MÜSAHİBƏ

Xarici siyasət
  • 05 sentyabr, 2025
  • 12:01
İsrail səfiri: Azərbaycanla əməkdaşlığın daha da dərinləşəcəyinə nikbin yanaşıram - MÜSAHİBƏ

Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci ildə bəri hər iki ölkə ilk səfərlərdən strateji tərəfdaşlığa qədər uzun bir yol keçib. Bu gün iki ölkə arasında qarşılıqlı əlaqələr energetika, kənd təsərrüfatı, yüksək texnologiyalar, təhsil və təhlükəsizlik sahələri kimi geniş gündəliyi əhatə edir. İsrailin Azərbaycandakı yeni səfiri Ronen Kraus "Report"a eksklüziv müsahibəsində son illərdə münasibətlərdəki dəyişikliklər və ölkələrin planları barədə danışıb.

- Azərbaycan və İsrail arasında 1992-ci ildə əsası qoyulan diplomatik münasibətlər uzun tarixə malikdir. İsrail Bakıda səfirlik açan ilk ölkələrdən biri olub. Ölkələrimiz arasında münasibətlərin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? 2023-cü ildə Azərbaycanın İsraildə səfirliyinin açılması bu əlaqələrə necə təsir göstərib?

- Diplomatik əlaqələrimiz 1992-ci ildə başlayıb, iki il sonra isə Azərbaycanda səfirlik açılıb. Beləliklə, burada səfirlik artıq 30 ildən çoxdur ki, fəaliyyət göstərir. Bu müddət ərzində əlaqələr bir çox səfir və onların müavinlərinin səyləri sayəsində nəzərəçarpacaq dərəcədə güclənib, onlar əməkdaşlığın inkişafı və genişləndirilməsi üçün yorulmadan çalışıblar. 2023-cü ildə Azərbaycan Təl-Əvivdə öz səfirliyini açıb - bu, mühüm nailiyyət və ikitərəfli münasibətlərə mühüm töhfə olub.

O vaxtdan bəri biz yeni addımların şahidi oluruq: qarşılıqlı səfərlər, nümayəndə heyətlərinin gəlişi, müxtəlif sektorlarda tərəfdaşlığın genişləndirilməsi və yeni maraq sahələri. Əminəm ki, məhz bu istiqamət gələcəyi müəyyən edəcək. Mən əməkdaşlığın daha da dərinləşməsinə son dərəcə nikbin yanaşıram.

- Son illərdə ölkələr hansı əməkdaşlıq sahələrində daha çox irəliləyişə nail olub?

- Bizim ənənəvi tərəfdaşlıq sahələrimiz var - müdafiə və energetika. Energetika sahəsində də qarşılıqlı əlaqələrin möhkəmlənməsini müşahidə edirik. Biz İsrailin dünya lideri olduğu su texnologiyaları, aqrar innovasiyalar, kiberməkan kimi sahələrdə də əlaqələrin inkişafını görürük. Azərbaycanda kiberakademiyamız uğurla fəaliyyət göstərir. Bundan başqa, səhiyyə, turizm və digər sektorlarda da əməkdaşlıq inkişaf edir və əminəm ki, bu əlaqələr bundan sonra da genişlənəcək.

Biz süni intellekt kimi yeni istiqamətlər axtarışındayıq. İki ölkənin liderləri və xalqları arasında münasibətlərin son dərəcə güclü olması tərəfdaşlıq üçün daha çox imkanlar açır.

- İsrail və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Bu, Qafqaz və Yaxın Şərqdə sabitliyə necə təsir göstərir?

- Mən sizin işlətdiyiniz "sabitlik" sözü ilə tam razıyam. Siyasi əməkdaşlıq həm regionda, həm də dünya miqyasında sabitliyə xidmət etməlidir. Müxtəlif strukturlarda və təşkilatlarda Azərbaycandan və İsraildən gördüyümüz dəstək hər iki ölkənin həm müstəqil dövlətlər, həm də öz regionlarının bir hissəsi kimi sabitliyinə böyük töhfə verib.

Münasibətlər məhz belə qiymətləndirilir: ölkələr lazımi anda bir-birini dəstəkləməyə və kömək etməyə nə dərəcədə hazırdır. Düşünürəm ki, İsrail və Azərbaycan bunu artıq sübut edib.

- Təhlükəsizlik məsələləri həm Azərbaycan, həm də İsrail üçün aktualdır. İki ölkə arasında əməkdaşlığı necə qiymətləndirirsiniz və onun inkişafı ilə bağlı hansı planlar var?

- Bu sahədə əməkdaşlıq indiyə qədər çox uğurlu olub və əminəm ki, belə də qalacaq. Lakin daha əvvəl qeyd etdiyim kimi, münasibətləri bir sektorla ölçmək olmaz. Onlara daha geniş prizmadan - iqtisadiyyat, tibb, təhsil, akademik və elmi əlaqələr nöqteyi-nəzərindən baxmaq lazımdır. Bütün bunlar münasibətlərin ümumi arxitekturasını gücləndirir və beynəlxalq ictimaiyyətə onların həqiqətən strateji xarakterli olduğunu və vacibliyini göstərir.

- Bu il yüksək səviyyəli qarşılıqlı səfərlər və idarələrarası məsləhətləşmələr planlaşdırılırmı?

- Biz bir neçə yüksək səviyyəli görüş və nümayəndə heyətlərinin səfərinin təşkili üzərində işləyirik. Hələ dəqiq tarixlər yoxdur, lakin hazırlıq işləri fəal şəkildə gedir. Şəxsi əlaqələr böyük əhəmiyyət kəsb edir: telefon və ya onlayn görüşlər artıq kifayət etmir. Bir masa arxasında oturmaq, birbaşa ünsiyyət qurmaq lazımdır və bu, həqiqətən də daha möhkəm əlaqələr qurmağa kömək edir. Ümid edirik ki, belə görüşlər ilin sonuna qədər baş tutacaq.

- Söhbət yüksək səviyyəli, yoxsa nazirlər səviyyəsində səfərlərdən gedir?

- Biz biznes nümayəndə heyətlərindən tutmuş ən yüksək siyasi səviyyəyə qədər bütün səviyyələri nəzərdən keçiririk. Artıq qeyd etdiyim kimi, hələ inkişaf etdirilməli olan bir çox sahə var. İsrail şirkətlərinin nümayəndələrinin azərbaycanlı tərəfdaşlarla həm Bakıda, həm də İsraildə görüşləri bu prosesə töhfə verəcək.

- İsrail vətəndaşları Azərbaycana 30 günlük elektron viza alırlar. İsrail Azərbaycan üçün viza rejimini sadələşdirməyi və ya hətta vizasız format tətbiq etməyi planlaşdırırmı?

- İsraildə hələ belə bir mexanizm yoxdur və bu, təkcə Azərbaycana aid deyil. Lakin Azərbaycan vətəndaşları səfirliyə müraciət edə bilərlər və biz vizaları mümkün qədər tez verməyə çalışırıq. Vizasız rejimə gəlincə, 15 il əvvəl Azərbaycanda işlədiyim zaman diplomatlar və xidməti pasport sahibləri üçün vizasız giriş haqqında sazişin imzalanmasına şad oldum. Bu, ölkələrimizin yaxınlığının sübutu oldu.

- 2023-cü ildə Azərbaycan və İsrail təhsil sahəsində əməkdaşlıq proqramı imzalayıb. Yeni layihələrlə bağlı planlar varmı?

- Təhsil mühüm rol oynayır. Bu sahədə birgə layihələr üçün platformalar tapmaq vacibdir. Mən böyük məmnunluqla İsrail mərkəzinin fəaliyyət göstərdiyi Dillər Universitetini ziyarət edərək tərəfdaşlarla görüşdüm. Hazırda İsraildə azərbaycanlı tələbələr təhsil alır, o cümlədən yeddi nəfər Qolden İnstitutunda ivrit dili biliyini dərinləşdirir və ölkəni öyrənir. Ümid edirik ki, İsraildən olan tələbə və professorlardan ibarət nümayəndə heyətlərini Azərbaycanda qəbul edəcəyik.

- Səfirlik yeni ivrit dili kursları açmağı planlaşdırırmı?

- Biz ivrit dilinin tədris olunduğu Dillər Universitetində və Bakı Dövlət Universitetində mövcud mərkəzləri dəstəkləyəcəyik. Bundan əlavə, mübadilələr üçün yeni imkanlar axtarışındayıq. Bu, azərbaycanlı tələbələrin təkcə dil öyrənməklə bağlı deyil, təhsilin digər sahələrində də təcrübə qazanması üçün lazımdır.

- Hökumətlərarası Komissiyanın növbəti iclası nə vaxt keçiriləcək?

- Bu, iqtisadi əlaqələrin inkişafı üçün əsas mexanizmdir. Biz növbəti iclasa fəal şəkildə hazırlaşır və paralel olaraq nazirliklər arasında ilkin əlaqələr üzərində işləyirik. Ümid edirəm ki, görüş yaxın zamanda baş tutacaq və gələcək əməkdaşlığın təməlini möhkəmləndirəcək.

- İsrail və Azərbaycan bərpa olunan enerji sahəsində necə əməkdaşlıq edə bilər?

- Yaşıl enerji xüsusilə iqlim dəyişikliyi şəraitində ən vacib istiqamətlərdən biridir. İsrail günəş enerjisi sahəsində güclü texnologiyalara malikdir və biz bunları Azərbaycanla bölüşməyə hazırıq. Bakıda COP29-da İsrailin böyük nümayəndə heyəti ilə iştirakını xatırlayıram: həm enerji, həm də su təchizatı məsələləri müzakirə olunurdu. İsrail bununla bağlı əhəmiyyətli töhfə verə bilər.

- Azərbaycan iqtisadiyyatının hansı sektorları İsrail üçün daha maraqlıdır?

- İlk növbədə, bunlar su texnologiyalarıdır. İsrail bu sahədə dünya liderinə çevrilib, çünki səhra şəraiti bizi su çatışmazlığı ilə mübarizə üçün səmərəli həllər axtarmağa vadar edib. Bu texnologiyalar kənd təsərrüfatı və ərzaq təhlükəsizliyində kömək edir. Həmçinin tibb, kibertəhlükəsizlik, süni intellekt, maliyyə müdafiəsi də önəmlidir. İsrail təcrübə və imkanlarını Azərbaycanla bölüşməyə hazırdır.

- İyunda İranla gərginlikdən sonra Yaxın Şərqdəki vəziyyəti və Bakıda Suriya ilə aparılan danışıqları necə qiymətləndirirsiniz?

- İrana gəlincə, iyun kampaniyası - 12 günlük müharibə bizə zorla qəbul etdirildi. İsrail müharibələrə can atmır, biz sülhpərvərik və qonşularımızla sülh şəraitində yaşamaq istəyirik. Lakin biz hədəfə çevriləndə hərəkət etmək məcburiyyətində qaldıq. Xatırladıram ki, İran İsraili məhv etmək istədiyini açıq şəkildə bəyan edirdi, biz bunu onların bəyanatlarında və simvollarında görürdük. Onlar "Hizbullah"ı, "husiləri", eləcə də oktyabrın 7-də müharibəyə başlayan HƏMAS-ı dəstəkləyirlər. Hələ də 48 vətəndaşımız girov saxlanılır.

İran bu cür hərəkətləri dəstəklədiyi müddətcə, biz özümüzü müdafiə edəcəyik. Əgər onlar buna son qoysalar, biz də eyni addımı atacağıq. Biz lazımsız müharibə istəmirik.

Bakıda Suriya ilə aparılan danışıqlara gəlincə, biz təqdim etdiyi platforma üçün Azərbaycana minnətdarıq. Bu danışıqlar sülhə ümid verdi. Yeganə yol dialoq və əməkdaşlıqdır. Əgər dialoq konstruktiv olarsa, müsbət nəticələrin olacağına nikbin baxıram.