Gələn il İslamabadda "Pakistan Asan Xidmət" mərkəzinin açılışı olacaq
- 23 dekabr, 2025
- 14:53
İslamabadda "Pakistan Asan Xidmət" mərkəzi yaradılır.
"Report"un məlumatına görə, bu barədə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda bildirilib.
Şahbaz Şərif məktubunda Bakıda olarkən "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olduğunu xatırladaraq əlavə edib ki, həmin vaxtdan bəri hər iki ölkə dövlət xidmətlərinin göstərilməsində innovativ və vətəndaşlara yönəlik həllərin təqdim edilməsi, şəffaflığın, səmərəliliyin və institusional bütövlüyün təmin edilməsi məqsədilə İslamabadda "Pakistan Asan Xidmət" mərkəzinin yaradılması üzərində birgə çalışırlar:
"Aylarla davam edən işlərdən sonra "Pakistan Asan Xidmət" mərkəzi 2026-cı il yanvarın 10-dək hazır olacaq və açılış mərasimi keçiriləcək. Yeni yaradılan "Pakistan Asan Xidmət" mərkəzi, şübhəsiz ki, xalqlarımızın həyatın bütün sahələri üzrə, o cümlədən səmərəli və müasir dövlət xidmətlərinin göstərilməsindən faydalandıqlarını dünyaya nümayiş etdirəcəklər".