İoane Şaişmelaşvili: KİV-də saxta kampaniyalar daha böyük miqyas alır
- 05 dekabr, 2025
- 12:05
Dezinformasiya və KİV-də saxta kampaniyalar daha böyük miqyas alır - həm Gürcüstan, həm də Azərbaycanda əsas mövzulara təsir edir.
"Report"un məlumatına görə, bu barədə "Eurocracy - Former Europe" proqramının aparıcısı İoane Şaişmelaşvili Bakıda keçirilən Azərbaycan-Gürcüstan Media Forumunda bildirib.
O qeyd edib ki, dezinformasiyanın miqyası daim artır: "Biz ən vacib məsələlər - parlament və yerli seçkilər, əsas regional proseslər, həmçinin Azərbaycan və regionun digər ölkələri ilə ikitərəfli münasibətlər ilə bağlı saxta kampaniyalarla üzləşirdik".
İ.Şaişmelaşvilinin sözlərinə görə, əgər əvvəllər yalan məlumatlar çap KİV-i və ya az əhəmiyyət kəsb edən ekspertlər vasitəsilə yayılırdısa, bu gün dezinformasiya media tərəfindən aktiv şəkildə yayımlanır, ona doğruluq görüntüsü verilir.
"Radikallaşma və dezinformasiya real məlumatlandırmanı sıxışdırıb çıxardığı zaman bu, milli çağırışa çevrilir", - o vurğulayıb.
İ.Şaişmelaşvili əlavə edib ki, oxşar tendensiyalar Azərbaycanda da müşahidə olunur və iki ölkənin maraqlarının sıx qarşılıqlı əlaqəsi jurnalistlər arasında peşəkar mübadiləni xüsusilə aktual edir:
"Media bu prosesləri səmərəli şəkildə nəzarətdə saxlaya bilmədiyi və cəmiyyət dəqiq məlumat almadığı müddətdə problemin miqyası sadəcə artacaq. Buna görə də Gürcüstan və Azərbaycan arasında birgə iş və əməkdaşlıq son dərəcə vacibdir".