IAJ Prezidenti: Bir çox ölkədə dövlətin hakimiyyət qolları arasındakı incə balans pozulub - MÜSAHİBƏ

Xarici siyasət
  • 14 oktyabr, 2025
  • 12:19
IAJ Prezidenti: Bir çox ölkədə dövlətin hakimiyyət qolları arasındakı incə balans pozulub - MÜSAHİBƏ
Duro Sessa

Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ) prezidenti Duro Sessa Bakıda "Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində "Report"a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Cənab Sessa, ilk olaraq bilmək istərdik ki, məhkəmə hakimiyyəti ilə dövlətin digər hakimiyyət qolları arasında əlaqələr mövzusunun son dövrlər aktuallaşma səbəbi nədir?

- Biz müşahidə edirik ki, bir çox ölkədə dövlətin üç hakimiyyət qolu arasındakı incə balans pozulub. İcra və qanunverici hakimiyyətlər öz güc və təsir imkanlarından istifadə edərək məhkəmə hakimiyyətini zəiflətməyə çalışırlar. Halbuki məhkəmə hakimiyyətinin müstəqilliyi bizim işimizin əsasını təşkil edir. Biz müstəqillik olmadan işləyə bilmərik. Müstəqillik olmadan missiyamızı həyata keçirmək mümkünsüzdür. Ona görə düşünürük ki, bu məsələni gündəmə gətirmək və dövlətin üç hakimiyyət qolu arasında dialoqu yenidən canlandırmaq üçün bu cür tədbirlər keçirmək çox vacibdir.

- Siz çıxışınızda Avropa baxış bucağından məhkəmə hakimiyyəti ilə dövlətin digər hakimiyyət qolları arasındakı münasibətlərdən danışdınız. Maraqlıdır, bu münasibətlərin balanslı qalması üçün hansı mexanizmlər daha effektiv hesab olunur?

- Fikrimcə, artıq hər şey yaradılıb. Prinsiplər müxtəlif sənədlərdə və Avropa İnsan Hüquqları Məhkəməsi və Lüksemburqdakı Avropa Məhkəməsinin qərarlarında təsbit olunub. Əgər biz bu prinsiplərə sadiq qalsaq və məhkəmə müstəqilliyinin əsas elementlərini – hakimlərin səlahiyyət müddəti, iqtisadi statusu, təyinat və irəli çəkilmə qaydalarını qorusaq, hər şey yaxşı olacaq. Çünki məhkəmə hakimiyyəti çox nadir hallarda öz səlahiyyət və vəzifələrindən kənara çıxmağa çalışır. Biz heç vaxt icra və ya qanunverici hakimiyyətin sahəsinə müdaxilə etməyə çalışmırıq.

- Dünyada populizm, dezinformasiya və siyasi təzyiq hallarının artması məhkəmə sistemlərinə də təsir edir. IAJ bu cür çağırışlarla mübarizədə hansı beynəlxalq təşəbbüsləri həyata keçirir?

- Əslində, bizim əsas fəaliyyət istiqamətimiz elə budur – hakimləri müstəqilliklərini qorumağa təşviq etmək. Çünki hər bir hakimin özünü müstəqil və azad şəkildə, qanuna əsaslanaraq qərar verməyə qadir hiss etməsi çox vacibdir. Onlar heç vaxt təslim olmamalıdırlar. Əgər onlar təslim olmasalar, qloballaşmış dünyada hakimiyyət qolları arasındakı müdaxilənin bu qədər açıq olduğu bir şəraitdə, öz mövqelərini itirməzlər. Ona görə də sübut olunmuş, ən effektiv prinsiplərə sadiq qalmaq vacibdir.

Duro Sessa

- Süni intellektin və rəqəmsallaşmanın sürətli inkişafı məhkəmə proseslərinə də təsirsiz ötüşmür. Sizcə, bu təsirlər nələrdir?

- Süni intellektlə bağlı bir sıra beynəlxalq sənədlər mövcuddur. Əlbəttə, biz bu texnologiyanın mövcudluğunu qəbul edirik və onu görməzdən gələ bilmərik. Biz süni intellekti daha ədalətli qərarlar vermək üçün bir vasitə kimi istifadə etməliyik, lakin eyni zamanda ona tənqidi də yanaşmalıyıq. Çünki yalnız süni intellektə güvənmək doğru olmaz. Hakimlikdə emosiyalar da, ədalət hissi də vacibdir.

- İqlim dəyişiklikləri, miqrasiya və insan hüquqları məsələləri qlobal səviyyədə məhkəmələrin gündəliyində daha çox yer almağa başlayıb. Bu yeni çağırışlara məhkəmə sistemi necə uyğunlaşmalıdır?

- Məhkəmələrin qarşısına çıxan yeni növ işlər təkcə tərəflər üçün deyil, cəmiyyət üçün də mühüm əhəmiyyət daşıyır. Məsələn, iqlim dəyişikliyi ilə bağlı fəaliyyət buna aiddir. Xoşbəxtlikdən, bu işlərə daha çox beynəlxalq deyil, milli məhkəmələr müstəvisində baxılır. Amma, əlbəttə ki, biz bu məsələdə həmin məhkəmələrin qərarlarını izləyirik.

- Azərbaycan da son illərdə məhkəmə islahatları istiqamətində əhəmiyyətli addımlar atır. Siz bu islahatları necə qiymətləndirirsiniz? Həmçinin, IAJ ilə Azərbaycan Hakimlər İttifaqı arasında gələcək əməkdaşlıq perspektivləri nələrdir?

- Azərbaycan Hakimlər İttifaqı bizim assosiasiyanın dəyərli üzvüdür və bu böyük tədbiri təşkil etməyə hazır olduğunu göstərməsi sevindiricidir. Çünki bu, asan iş deyil. Burada baş verənlərdən də görmək olur ki, çox mürəkkəb bir prosesdir. Eşitdiyimiz dəyişikliklər, əlbəttə, müsbət qarşılanır, çünki onlar prinsiplərimizlə uzlaşır. Amma eyni zamanda onları nəzərdə tutulduğu kimi tətbiq etmək də vacibdir. Çünki prinsiplər elə bu məqsədlə yaradılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti