Hikmət Hacıyev: Bakı Tehranla ticarət əlaqələrinin inkişafına ümid edir
- 01 dekabr, 2025
- 12:36
Azərbaycan İranla iqtisadi-ticarət əlaqələrini daha da inkişaf etdirməyi hədəfləyib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today"ə və bir qrup jurnalistə verdiyi eksklüziv müsahibəsində bildirib.
"Biz İranı qonşu, tərəfdaş kimi görür, iqtisadi və ticarət əlaqələrinin daha da inkişaf etməsini (səbirsizliklə) gözləyirik", - "EU Today" H.Hacıyevin sözlərini sitat gətirib.
Onun sözlərinə görə, Azərbaycan və İran hazırda Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi layihəsini həyata keçirir. Körpü 2025-ci ilin sonuna, sərhəd və gömrük infrastrukturu isə 2026-cı ilin əvvəlinə qədər hazır olmalıdır.
H.Hacıyev həmçinin vurğulayıb ki, bu gün Bakı və Tehran arasındakı münasibətlər "sabitdir", iki ölkənin liderləri arasında yaxşı əlaqələr qurulub, İranın paytaxtındakı Azərbaycan səfirliyinə silahlı hücumun diplomatik nəticələri tam şəkildə həll olunub.
"Azərbaycan bu səhifəni tamamilə çevirib", - Prezidentin köməkçisi qeyd edib və əlavə edib ki, Tehranda Azərbaycan səfirliyinə hücum edən şəxs (red. - 27 yanvar 2023-cü il) İran qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb edilib.