Federasiya rəsmisi: "Nərgiz Süleymanova öz nəticələrini öyrənəndə göz yaşlarını saxlaya bilmədi"
- 01 dekabr, 2025
- 12:47
Avropa çempionatında iştirak edəcək ilk azərbaycanlı fiqurlu konkisürən Nərgiz Süleymanova Türkiyədə keçirilən "Bosphorus Cup"da nəticələrini öyrənəndə sevinc göz yaşlarını saxlaya bilməyib.
Bunu "Report"a açıqlamasında Azərbaycan Qış İdmanı Növləri Federasiyasının baş katibi Günel Bədəlova deyib.
Qurum rəsmisi idmançının uğuru ilə bağlı təəssüratlarını bölüşüb:
"Azərbaycan tarixində ilk dəfə fiqurlu konkisürənimizin Avropa çempionatına vəsiqə qazanması bizim üçün çox sevindirici haldır. Nərgiz Türkiyədə qazandığı qələbəsinə çox sevinirdi. Hətta yarışdan sonra nəticələrini öyrənəndə göz yaşlarını saxlaya bilmədi. Çünki etdiyi məşqlər öz bəhrəsini vermişdi".
G.Bədəlova Nərgiz Süleymanovanın Avropa çempionatına hazırlıq məqsədi ilə başqa bir turnirdə də iştirak edəcəyini söyləyib:
"Avropa çempionatına hazırlıq məqsədi ilə Zaqrebdə keçiriləcək yarışa qatılacaq. Bu da artıq Avropa çempionatına intensiv məşqlərin bir hissəsidir və ümidvarıq ki, bizi çempionatda layiqincə təmsil edə biləcək. Bundan əlavə, Avropa çempionatında Azərbaycanı oğlanlar arasında Vladimir Litvintsev, həmçinin Samanta Ritter-Daniel Brikalov buzüstü rəqs cütlüyü təmsil edəcəklər".
Qeyd edək ki, N.Süleymanova Türkiyədəki turnirdə 26 idmançı arasında 156.53 xal toplayaraq qızıl medala sahib olub. Avropa çempionatı İngiltərənin Şeffild şəhərində yanvarın 13-dən 18-nə qədər keçiriləcək.