Emin Əmrullayev: Malayziya-Azərbaycan münasibətləri daim yüksələn xətlə inkişaf edib
- 21 oktyabr, 2025
- 19:28

2025-ci il yanvar-sentyabr aylarında Malayziyadan Azərbaycana səfər edən şəxslərin sayı 2024-cü illə müqayisədə 36 faiz artıb.
"Report" xəbər verir ki, bu barədə Malayziyanın Müstəqillik Günü münasibətilə Bakıda keçirilən qəbulda Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev danışıb.
O qeyd edib ki, Malayziya-Azərbaycan münasibətləri daim yüksələn xətlə inkişaf edib:
"Malayziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdən biridir. Bu gün mövcud əlaqələr bir sıra sahələri əhatə edir. Ölkələrimiz arasında ticarət, iqtisadi əlaqələrin inkişafı üçün sahələr müəyyənləşdirilir. Turizm sahəsində əməkdaşlıq genişləndirilir. 2025-ci il yanvar-sentyabr aylarında Malayziyadan Azərbaycana səfər edən şəxslərin sayı 2024-cü illə müqayisədə 36 faiz artıb. Bu, əlaqələrin inkişafının göstəricisidir".