Əli Əhmədov: Azərbaycan ərazi bütövlüyünün bərpası ilə hərbi qüdrətini dünyaya nümayiş etdirib

Xarici siyasət
  • 09 sentyabr, 2025
  • 11:54
Əli Əhmədov: Azərbaycan ərazi bütövlüyünün bərpası ilə hərbi qüdrətini dünyaya nümayiş etdirib

Azərbaycan ərazi bütövlüyünün bərpası ilə hərbi qüdrətini bütün dünyaya nümayiş etdirib.

"Report" xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasda deyib.

Onun sözlərinə görə, Vaşinqton görüşü və əldə olunan nailiyyətlər Azərbaycan diplomatiyasının ən parlaq zirvələrindən biridir: "Bu diplomatik qələbənin yeganə müəllifi Prezident İlham Əliyevdir. Bu, cənab Prezidentin həm beynəlxalq arenadakı nüfuzunun, həm də diplomatik-siyasi düşüncəsinin göstəricisidir".

Ə.Əhmədov ABŞ-Azərbaycan əlaqələrinin bundan sonrakı inkişafı məsələsinə də toxunub.

O bildirib ki, Vaşinqtonda, həmçinin Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq zəmanət əldə olunub.

"Hesab edirəm ki, Zəngəzur dəhlizi yeni tarixin çox vacib layihəsi olacaq. Bakı-Tbilisi-Ceyhan kəməri Ümummilli Lider Heydər Əliyevin adını daşıdığı kimi, Zəngəzur dəhlizi də İlham Əliyevin adını daşıyacaq", - Ə.Əhmədov vurğulayıb.