Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Brüsseldə qeyd olunub

Xarici siyasət
  • 30 dekabr, 2025
  • 16:46
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Brüsseldə qeyd olunub

Brüsseldəki Azərbaycan evində Belçikanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı ailələrin uşaqları üçün bayram tədbiri keçirilib.

"Report"un Avropa bürosu xəbər verir ki, mərasim Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə təşkil olunub və valideynləri ilə birlikdə Belçikanın paytaxtına gələn təxminən 50 gənc soydaşımızı bir araya gətirib.

Tədbir Azərbaycanın Dövlət Himninin oxunması ilə başlayıb və bu, iştirakçıların mədəni köklərini simvolik şəkildə xatırlamasına səbəb olub. Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin birinci katibi Emin Rüstəmov toplaşanlara və təşkilatçılara təşəkkürünü bildirib və bu cür tədbirlərin xaricdəki Azərbaycan icmasının inkişafı və konsolidasiyası üçün əhəmiyyətini vurğulayıb.

O, həmçinin xaricdə yaşayan həmvətənlərə dövlət dəstəyi və Brüsseldəki Azərbaycan Evinin Belçikada yaşayan azərbaycanlılar üçün müntəzəm görüşlər və tədbirlərin təşkili imkanları haqqında danışıb.

BUTAM Assosiasiyasının sədri Yasəmən Abbasi təşkilatın fəaliyyəti və tədbirin mahiyyəti haqqında ətraflı məlumat verib Azərbaycan icmasının üzvlərinin gələcəkdə ölkəmizlə bağlı həyata keçirilən müxtəlif məzmunlu layihələrdə daha da fəal olmağa dəvət edib.

RadiOcto internet radiosunun rəhbəri Rüfət Abasov çıxış edərək radionun fəaliyyəti ilə yanaşı, son illərdə həyata keçirilən layihələrin Belçikadakı Azərbaycan icmasının birləşməsi və güclənməsindəki rolundan bəhs edib, eyni zamanda radionun müxtəlif dillərdə yayımlanmış verilişlərinin aparıcılarına radio adından təşəkkürnamə təqdim edilib.

Tədbirin bədii hissəsində isə uşaqlar Azərbaycan xalq nağıllarının qəhrəmanları ilə tanış olmuş, onlarla maraqlı vaxt keçirtmək imkanı əldə ediblər.

Daha sonra yeni ilin əsas simvollarından olan Şaxta Baba uşaqlarla görüşə gəlmiş, onlara müxtəlif hədiyyələr təqdim edib. Uşaqlar isə öz növbələrində Azərbaycan dilində müxtəlif şeirlər söyləyib, mahnılar oxuyub, Azərbaycan milli rəqs nümunələrini nümayiş etdiriblər.

Tədbirin əsas məqsədi Belçikada yaşayan azərbaycanlı uşaqlar, eyni zamanda onların valideynləri arasında həmrəylik ənənələrini və milli -mənəvi dəyərləri qoruyub saxlamaq, onlar arasında şəbəkələşməni yaxşılaşdırmaqla icmamızın daha da möhkəmlənməsi olub.

Son xəbərlər

Bütün Xəbər Lenti