Ceyhun Bayramov TÜRKPA-nın yeni baş katibi ilə görüşüb
- 15 oktyabr, 2025
- 19:27

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 15-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) yeni baş katibi Ramil Həsəni qəbul edib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
C.Bayramov Ramil Həsəni belə bir mötəbər quruma baş katib təyin edilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, Assambleyanın hazırkı və gələcək fəaliyyəti, üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlər arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb.
Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb. TÜRKPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əməkdaşlığının əhəmiyyəti vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.