Aİ: Türkiyə SAFE proqramına vaxtında qoşula bilməyəcək

Digər ölkələr
  • 28 noyabr, 2025
  • 18:10
Aİ: Türkiyə SAFE proqramına vaxtında qoşula bilməyəcək

Türkiyə və Cənubi Koreya Avropa İttifaqının SAFE müdafiə proqramına müəyyən edilmiş müddətdə qoşulmayacaq.

Bunu Aİ-nin rəsmi nümayəndəsi Toma Renye Brüsseldə keçirilən brifinqdə "Report"un Avropa bürosunun sualına cavabında bildirib.

Danışıqların başa çatdırılması və proqramda iştirak məqsədilə layihələrin təqdim edilməsi üçün son tarix 30 noyabrdır.

"İki ölkə - Cənubi Koreya və Türkiyə Aİ-yə üzv deyil, lakin biz onlardan SAFE-də iştirakla bağlı rəsmi müraciət almışıq. Komissiya hələ də hər iki müraciəti nəzərdən keçirir", - o bildirib.

Nümayəndənin sözlərinə görə, hazırda Böyük Britaniya və Kanada ilə təşəbbüsə qoşulmaqla bağlı danışıqlar aparılır.

"Əlbəttə ki, biz Böyük Britaniya ilə təhlükəsizlik və müdafiə sahəsində iddialı tərəfdaşlığımızın həyata keçirilməsinə tam sadiqik. Aİ ilə danışıqlarda fəal iştirak edən Kanada ilə bazar gününə qədər (30 noyabra qədər - red.) saziş bağlamağa ümid edirik", - o bildirib.

SAFE proqramı Avropa İttifaqı və onun ən yaxın tərəfdaşları çərçivəsində müdafiə sahəsində birgə satınalmaların sürətləndirilməsinə yönəlib.

Aİ-nin bir çox ölkələri, ilk növbədə, Almaniya Türkiyənin SAFE-də iştirakını vacib hesab edir. Avropa Komissiyasının vəziyyətlə tanış olan mənbənin bildirdiyinə görə, Yunanıstan və Kipr Türkiyənin bu proqrama qoşulmasına qarşı çıxır. Onun sözlərinə görə, Almaniyanın Yunanıstanı fikrindən daşındırmaq cəhdləri uğursuz olub.

Son xəbərlər

Bütün Xəbər Lenti