Cey Di Vens: Üç lider Əliyev, Paşinyan, Tramp Cənubi Qafqazda sülhü mümkün etdi
- 10 fevral, 2026
- 19:21
Üç lider İlham Əliyev, Nikol Paşinyan, Donald Tramp Cənubi Qafqazda sülhü mümkün etdi.
"Report"un məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.
"Bu üç lider uzun illər davam edən müharibəyə son qoydu. Nəhayət, regionda sülh hökm sürür. Tramp administrasiyasının məqsədi sülhün bərqərar edilməsidir", - C.Vens deyib.
"Hazırda sülh sazişi baxımından düşünürəm ki, Prezident Əliyev həqiqətən böyük təşəkkürə layiqdir. Bu gün mən Ermənistanda idim. Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin liderliyi olmasaydı, biz sülh sazişinə nail ola bilməzdik. Düşünürəm ki, üç şəxs tarixi sülhü yaratdı. Bu ölkənin Prezidenti, Ermənistanın Baş naziri və əlbəttə, ABŞ Prezidenti birgə işləyərək, əvvəllər müharibə olmuş məkanda sülh yaratdılar. Düşünürəm ki, gələcəkdə bir vaxtlar yalnız mübarizə və münaqişə olan yerdə əmin-amanlıq yaranacaq. Bu, Prezident Əliyevin liderliyinin və rəhbərliyinin bariz nümunəsidir. Bu məsələlərdə ABŞ Prezidenti xarici siyasətimizi qurur. Bir halda ki, biz ticarətlə məşğul ola, tərəfdaşlıq qura biləriksə, nəyə görə biz bir-birimizlə vuruşmalıyıq?!
Fikrimcə, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar.
Düşünürəm ki, bu, ABŞ Prezidentinin missiyasının və xarici siyasətinin özəyidir. Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik. Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Fikrimcə, bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək", - o əlavə edib.