Əraqçi: İran və ABŞ martın 2-də Vyanada məsləhətləşmələr keçirəcək
- 27 fevral, 2026
- 04:04
İran və ABŞ-nin texniki komandaları martın 2-də Vyanada məsləhətləşmələrə başlayacaq və danışıqların növbəti mərhələsi bir həftədən az müddətdə baş tutacaq.
"Report"un məlumatına görə, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Cenevrədə ABŞ ilə vasitəli danışıqların son mərhələsindən sonra jurnalistlərə bildirib.
Nazir bildirib ki, texniki qrupların bazar ertəsi günü Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin qərargahında həmin təşkilatın mütəxəssislərinin iştirakı ilə texniki məsləhətləşmələrə başlaması qərara alınıb.
Onun sözlərinə görə, tərəflər texniki aspektləri siyasi tələblərlə uyğunlaşdırmaq niyyətindədirlər. "Həmçinin qərara alınıb ki, danışıqların növbəti mərhələsi çox tezliklə, bəlkə də bir həftədən az müddətdə baş tutsun", - Əraqçi qeyd edib.