Braziliyalı alim: Beynəlxalq ictimaiyyət Belçikanı Konqodakı cinayətləri tanımağa məcbur etməlidir
- 30 oktyabr, 2025
- 14:59
 
                            
                            
                        Beynəlxalq ictimaiyyət Belçikanı Konqo Demokratik Respublikasında müstəmləkə hökmranlığı dövründə törədilən cinayətləri tanımağa və yerli xalqa təzminat ödəməyə məcbur etməlidir.
"Report"un məlumatına görə, bunu Braziliyadan olan fəlsəfə doktoru Lui Filipp Patrik de Jonq Filyo BDU-da "Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları" mövzusunda keçirilən müzakirədən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, təzminatlar zəruridir, çünki Belçikanın müstəmləkə rejimi zamanı milyonlarla konqolu öldürülüb və işgəncələrə məruz qalıb.
Alim vurğulayıb ki, BMT-nin Afrika mənşəli şəxslər üzrə Komissiyasının hesabatının dərc edilməsindən sonra müstəmləkə cinayətlərinin və onların nəticələrinin tanınmasına yönəlmiş yeni bir hərəkat başlayıb. O xatırladıb ki, Belçika Kralı Filip artıq öz ölkəsinin Konqoda törətdiyi əməllərə görə üzr istəyib, lakin hökumət törədilmiş cinayətlərə görə məsuliyyəti hələ də qəbul etmir.
"Bugünkü görüş bizə unudulmaz bir gün bəxş etdi. Çünki biz Konqo xalqının səsini eşitdik. Bundan sonra laqeyd qalmaq mümkün deyil", - o əlavə edib.
