BMT Azərbaycanla tərəfdaşlığını yüksək qiymətləndirib
- 25 oktyabr, 2025
- 11:30
BMT-nin rezident-koordinatoru Vladanka Andreyeva Azərbaycan hökumətinə əməkdaşlığa sadiqliyinə görə minnətdarlığını bildirib.
"Report"un məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Davamlı əməkdaşlığa görə Azərbaycan hökumətinə, eləcə də BMT-nin Azərbaycandakı ofisindəki fədakar komandama və regional və qlobal təşkilatlardakı həmkarlarıma minnətdaram, onların peşəkarlığı və komanda ruhu məni hər gün ilhamlandırır", - o qeyd edib.
Andreyevanın sözlərinə görə, Bakıda BMT Gününün qeyd olunması BMT-nin 80 illik yubileyi və 2026-2030-cu illər üçün yeni Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin imzalanması ilə üst-üstə düşdüyü üçün həqiqətən xüsusi bir hadisə olub.
"Belə anlar mənə dialoqda, etimadda və davamlı müsbət dəyişikliklər yaratmaq üçün ortaq öhdəlikdə komanda işinin gücünə niyə bu qədər çox inandığımı xatırladır", - rezident-koordinator vurğulayıb.
Qeyd edək ki, oktyabrın 24-də Azərbaycan hökuməti və BMT arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb. Sənəd sosial-iqtisadi artımın və insan kapitalının inkişafı, ekosistemlərin davamlılığı və səmərəli "yaşıl keçid"in təşviqi kimi əsas istiqamətləri əhatə edir. Azərbaycan tərəfindən sənədə iqtisadiyyat naziri Mikayıl Cabbarov imza atıb.