Azərbaycan Cənubi Qafqazda sülh və regional əməkdaşlıq dövrünü başladıb - RƏY
- 26 sentyabr, 2025
- 21:58

XXI əsrin ikinci onilliyi Cənubi Qafqaz regionu üçün tarixi dönüş nöqtəsi olub. Azərbaycan Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoyaraq beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev bu reallıqları xüsusi vurğulayaraq bölgədə yaranmış yeni vəziyyətin sülh və əməkdaşlıq üçün açdığı geniş imkanları diqqətə çatdırıb.
Bunu "Report"a açıqlamasında deputat Şahin Seyidzadə bildirib.
Prezident İlham Əliyev bəyan etdi ki, artıq Ermənistanla münaqişə dövrü geridə qalıb. Qarabağ münaqişəsi adlı məsələ tarixə qovuşub:
"Əsas hədəf isə sülh müqaviləsinin imzalanması, regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin bərqərar edilməsidir. Azərbaycan uzun illər boyu Ermənistan tərəfindən aparılan işğal, etnik təmizləmə və dağıntılarla üz-üzə qalıb. Lakin tarixi Qələbədən sonra Azərbaycan tərəfi revanşist yanaşmadan imtina edərək qarşı tərəfə konstruktiv dialoq və əməkdaşlıq təklif edib. Prezident İlham Əliyev çıxışında xüsusilə qeyd etdi ki, sülh müqaviləsinin hazırlanması prosesi artıq yekun mərhələyə yaxınlaşıb".

Deputatın sözlərinə görə, Vaşinqton sammitində imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar göstərir ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün ciddi siyasi iradə mövcuddur:
"ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanmış "Tramp Marşrutu" da regionda nəqliyyat, enerji və təhlükəsizlik əməkdaşlığının yeni əsaslarını müəyyən edib. Azərbaycanın mövqeyi aydındır: sülh müqaviləsi qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması və dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması prinsipləri üzərində qurulmalıdır. Prezident İlham Əliyev BMT kürsüsündən bəyan etdi ki, yalnız bu şərtlər əsasında Cənubi Qafqazda dayanıqlı sülh mümkündür".
"Azərbaycanın diplomatik uğurlarından biri də artıq funksiyasını itirmiş ATƏT-in Minsk qrupunun rəsmi olaraq bağlanmasıdır. Bu qurum illərlə münaqişənin həllində real nəticə ortaya qoymamış, əksinə, status-kvonun uzanmasına xidmət etmişdir. Prezident İlham Əliyev Nyu-Yorkdakı çıxışında bəyan etdi ki, Minsk qrupu artıq tarixə qovuşub və Qarabağ münaqişəsinin həlli məsələsi beynəlxalq gündəmdən tamamilə çıxarılıb. Bu qərar regionda yeni reallığın beynəlxalq miqyasda qəbul edilməsinin göstəricisidir. Azərbaycan artıq qalib dövlət olaraq diktə edən tərəf deyil, əməkdaşlıq və sülh gündəliyini irəli sürən tərəfdir", - Ş. Seyidzadə vurğulayıb.
O bildirib ki, Prezident İlham Əliyev çıxışında diqqəti Cənubi Qafqazın gələcək inkişafına yönəldib:
"Region artıq düşmənçilik meydanı deyil, əməkdaşlıq və inteqrasiya məkanı olmalıdır. Azərbaycan "Orta Dəhliz" və Zəngəzur istiqaməti də daxil olmaqla, beynəlxalq daşımaların əsas mərkəzinə çevrilir. Ermənistanın da bu layihələrdə iştirak etməsi sülhün möhkəmlənməsinə xidmət edəcək. Azərbaycanın zəngin təbii qaz və bərpaolunan enerji potensialı regionun enerji təhlükəsizliyi üçün mühüm amildir. Ermənistan da bu imkanlardan faydalana bilər. Sülh mühitində xalqlar arasında mədəni və humanitar körpülərin yaradılması etimadın möhkəmlənməsinə səbəb olacaq. Azərbaycan dəfələrlə bəyan edib ki, qonşularla normal münasibətlər yalnız qarşılıqlı hörmət əsasında mümkündür. Ermənistan bu gün sülh müqaviləsinin imzalanmasına real maraq göstərirsə, bu, region xalqlarının gələcəyi üçün yeni imkanlar açır. Lakin hər hansı revanşist ritorika və ya xarici güclərin müdaxiləsinə ümid etmək Cənubi Qafqazı yenidən xaosa sürükləyə bilər. Prezident İlham Əliyev açıq şəkildə bildirdi, Azərbaycan xalqı müharibəni qalib xalq kimi başa vurub və artıq sülhə yönəlib. Ermənistan üçün də yeganə düzgün yol konstruktiv dialoq və əməkdaşlıqdır. Azərbaycanın bu yanaşması yalnız region üçün deyil, həm də qlobal miqyasda önəm daşıyır. Çünki müasir beynəlxalq münasibətlərdə münaqişələrin zor gücünə deyil, danışıqlar yolu ilə həll edilməsi prioritet hesab olunur. Azərbaycan nümunəsi göstərir ki, beynəlxalq hüququn aliliyini təmin etdikdən sonra sülh gündəliyi qurmaq mümkündür. BMT tribunasından səslənən bu mesaj bütün dünya üçün mühüm siqnaldır: uzunmüddətli ədalətsizlik və işğal rejimi sona çatdırıldıqdan sonra belə qalib tərəf revanşizmdən imtina edərək əməkdaşlıq təklif edə bilər".
"Azərbaycanın BMT Baş Assambleyasındakı mövqeyi göstərdi ki, ölkə artıq yalnız regional güc deyil, həm də qlobal sülh və əməkdaşlıq təşəbbüslərinin müəllifidir. Ermənistanla münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması Cənubi Qafqazın gələcəyini müəyyən edəcək əsas amildir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, regionda yeni dövr – sülh və əməkdaşlıq dövrü başlayıb. Bu dövr təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün region və beynəlxalq ictimaiyyət üçün sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq deməkdir", - deputat sözlərini yekunlaşdırıb.