Azərbaycan artıq türk coğrafiyasında strateji dövlət statusuna sahibdir - RƏY

Xarici siyasət
  • 21 oktyabr, 2025
  • 15:50
Azərbaycan artıq türk coğrafiyasında strateji dövlət statusuna sahibdir - RƏY

Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə keçirilən sənədlərin mübadiləsi mərasimi iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiqlədi.

Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Astanaya səfəri həm də Azərbaycan diplomatiyasının regionda iqtisadi və siyasi əlaqələrin dərinləşməsinə verdiyi önəmin təzahürüdür:

"İmzalanan çoxsaylı sənədlər, xüsusilə energetika, sənaye, rəqəmsal inkişaf, səhiyyə və hüquqi əməkdaşlıq sahələrini əhatə etməklə, Azərbaycan-Qazaxıstan münasibətlərini strateji müttəfiqlik səviyyəsində möhkəmləndirir".

Ülviyyə Zülfiqar

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji və nəqliyyat layihələri, o cümlədən Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Qərblə birləşdirən Zəngəzur dəhlizi ideyası fonunda bu əlaqələrin strateji əhəmiyyəti daha da artır.

"Energetika sahəsində strateji tərəfdaşlıq haqqında sazişin imzalanması Azərbaycanın enerji siyasətinin çoxşaxəli kursunu gücləndirir. Bu, Bakı ilə Astananı eyni iqtisadi orbitə daxil edən yeni enerji əməkdaşlığı formatı yaradır. Eyni zamanda, rəqəmsal inkişaf və süni intellekt sahəsində imzalanan memorandumlar iki ölkənin gələcək iqtisadi modernləşmə istiqamətində birgə texnoloji gündəm formalaşdırmaq niyyətindən xəbər verir", - o deyib.

Onun fikrincə, Prezident İlham Əliyevin Astanadakı çıxışları və imzalanan sənədlər göstərdi ki, Azərbaycan artıq türk coğrafiyasında strateji dövlət statusuna sahibdir:

"Azərbaycanın regional siyasətdə balanslı və çoxşaxəli yanaşması Astanadakı danışıqlarda da öz əksini tapır. Azərbaycanın prinsipial mövqeyi-qarşılıqlı hörmət, bərabərlik və milli maraqlara əsaslanan əməkdaşlıq, qardaşlıq - Qazaxıstanla münasibətlərin təməlində dayanır".

Son xəbərlər

Bütün Xəbər Lenti