Ayxan Hacızadə: 13 Rusiya vətəndaşının həbsinin münasibətlərin pisləşməsinə səbəb kimi göstərilməsi yanlışdır
- 05 sentyabr, 2025
- 12:50

Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının münasibətlərinin pisləşməsinə səbəb kimi göstərilməsi yanlışdır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Xarici İşlər Nazirliyinin "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə sentyabrın 4-də mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlamasını şərh edərkən deyib.
Onun sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim etməsi və onların azadlığa buraxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəli sürməsi yanlışdır.
XİN-dən bildirilib ki, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur.
"Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır".