AEBA Bakıda "Formula 1"in keçiriləcəyi ərazinin radioloji təhlükəsizliyini yoxlayıb
- 15 sentyabr, 2025
- 10:29

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) mütəxəssisləri "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi" nin baş tutacağı Bakı Şəhər Halqasında və "Baku Crystal Hall"da olub, ərazidə radioloji təhlükəsizliklə bağlı görülən işlərə yerində baxış keçiriblər.
"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, AEBA Nüvə Təhlükəsizliyi və Mühafizəsi Departamenti Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi (NRFTDA) ilə birgə "Böyük ictimai tədbirlərin nüvə təhlükəsizliyinin həyata keçirilməsi" mövzusunda təlim keçirib.
Təlimdə məqsəd kütləvi tədbirlər zamanı nüvə və radiasiya təhlükəsizliyinin təmin olunmasına dəstək, əlaqəli qurumların əməkdaşlarının nüvə və radiasiya təhlükəsizliyi üzrə nəzəri biliklərinin artırılmasıdır.