ABŞ təmsilçisi: Yaxın gələcəkdə Orta Dəhliz üçün daha geniş imkanlar açılacaq
- 09 sentyabr, 2025
- 14:57

Yaxın gələcəkdə Orta Dəhliz üçün daha geniş imkanlar açılacaq.
"Report" xəbər verir ki, bunu ABŞ İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC) icraçı direktoru Kennet Angell ABŞ biznes nümayəndə heyətinin Azərbaycana səfərinin yekunlarına dair brifinqdə deyib.
O qeyd edib ki, Orta Dəhlizin əsas məqsədi malların Qərbdən Şərqə və ya əks istiqamətdə maneəsiz daşınmasıdır:
"Bu marşrutla Avropadan Çin, yaxud da əksinə hərəkətin təmin olunması əsas məqsəddir. Hesab edirəm ki, bu, sıfır nəticəli oyun deyil, danışdığımız Orta Dəhliz Qazaxıstandan Azərbaycana, sonra Gürcüstana və daha sonra limanlara aparan yol olacaq. Ancaq bu marşrutun Qazaxıstandan Azərbaycan və oradan Türkiyə vasitəsilə gedən marşrutdan fərqli olub-olmayacağı məsələsi də var. Lakin hər iki istiqamətdə daşınmalı olan kifayət qədər yük var. Yəni bununla sadəcə olaraq, malların hərəkəti üçün əlavə yol açılır".
K.Angell diqqətə çatdırıb ki, Orta Dəhliz artıq sadəcə tranzit marşrutu deyil:
"Burada məqsəd harmonizasiya etmək, hər şeyi daha səmərəli hala gətirməkdir. Bir sıra çatışmazlıqlar mövcuddur. Anbarlar – bu, logistikanın mənim də qeyd etdiyim mühüm aspektlərindən biridir. Əsasən insanlar mallarının müxtəlif yerlərə daşınmasından danışırlar. Amma söhbət yalnız texnikadan yox, həm də kritik minerallardan, pambıqdan, neft və qazdan gedir. Yəni bütün bunlar elementlərdir, malların növləridir. Bu mənada Orta Dəhliz "Şimal" və "Cənub" marşrutlarına alternativdir".