Simonida Kordiç: "Azərbaycan Monteneqronun turizm sahəsində ən iri investorlarındandır"

Turizm
  • 22 sentyabr, 2025
  • 13:35
Simonida Kordiç: Azərbaycan Monteneqronun turizm sahəsində ən iri investorlarındandır
Simonida Kordiç

Azərbaycan Monteneqronun turizm sahəsində ən iri investorlarındandır.

Bunu "Report"a açıqlamasında Monteneqronun turizm naziri Simonida Kordiç deyib.

Onun sözlərinə görə, Azərbaycanla Monteneqro arasında həm siyasi, həm də biznes əlaqələri çox yaxşı səviyyədədir: "Monteneqro turizmində ən böyük sərmayələrdən biri məhz Azərbaycanın yatırımıdır. Bu investisiyanın ümumi dəyəri indiyədək 1 milyard ABŞ dollarına çatır. Biz əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq və daha çox azərbaycanlı investoru Monteneqroda yeni səmərəli layihələrə qoşulmağa dəvət edirik".

Onun sözlərinə görə, hazırda Monteneqronun turizm sektoruna 120-dən çox ölkədən sərmayə yatırılır və bu sahədə çox yaxşı nəticələr əldə olunub.

Nazir xüsusilə Azərbaycan turistlərinin artımını vurğulayıb: "Bu ilin yanvar-avqust aylarında Monteneqroya gələn azərbaycanlı turistlərin sayı ötən illə müqayisədə 77 % artıb. Bizim məqsədimiz ziyarətçilərə yüksək keyfiyyətli xidmət və elə bir təcrübə təqdim etməkdir ki, onlar Monteneqroya yenidən gəlmək istəsinlər. Bütün azərbaycanlıları ölkəmizə səfərə dəvət edirəm".

S.Kordiç qeyd edib ki, iki ölkə arasında turizm sahəsində artıq rəsmi saziş mövcuddur və bu çərçivədə qarşılıqlı investisiya və turist mübadiləsi uğurla həyata keçirilir.

Azərbaycanın Monteneqrodakı layihələrinə toxunan nazir xüsusi olaraq "Porto Novi" kurort kompleksini vurğulayıb: "Bu, ölkəmizdə ən iri Azərbaycan investisiyasıdır. Kompleks daxilində Avropada yeganə olan ‘One&Only" oteli fəaliyyət göstərir. Bu kurort həm yüksək səviyyəli xidmətləri, həm də təqdim etdiyi unikal istirahət təcrübəsi ilə Monteneqronun turizm strategiyasının nümunəsidir".

Nazir sonda bildirib ki, Azərbaycan investisiyası Monteneqronun turizm sahəsində keyfiyyət və yüksək xidmət hədəflərinin ən yaxşı göstəricilərindəndir.

Son xəbərlər

Bütün Xəbər Lenti