Proqram direktoru: Fənlərarası əməkdaşlıq Qarabağda real həyat təcrübələri vasitəsilə öyrədilir
- 22 sentyabr, 2025
- 14:28

Qarabağ Universitetində fənlərarası əməkdaşlıq real həyat təcrübələri vasitəsilə öyrədilir.
Bunu "Report"un Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında Qarabağ Universiteti Tibb bacılığı/qardaşlığı üzrə proqram direktoru Gülşah Ünsal-Cəfərov deyib.
O, Qarabağ Universitetinin tibb bacısı şöbəsində tədrisin ənənəvi təhsili üstələdiyini bildirib:
"Proqramımız peşələrarası təhsil və icma prinsiplərinə əsaslanır. Bu da dünyada bir ilk sayılır. Konkretləşdirsək, bu o deməkdir ki, tələbələrimiz həkimlər və tibb bacıları ilə ünsiyyət və real həyat təcrübələri ilə tanışlıq şəraitində öz ixtisaslarını öyrənəcəklər".
Direktor qeyd edib ki, universitetdə tibb bacısı-qardaşı ixtisasının tədrisi olmaq həm də insanlığa, sağlamlığa və gələcəyə xidmət anlamındadır:
"Qarabağın dirçəlişi fonunda yetişdirdiyimiz tibb bacı və qardaşları elm, bacarıq və empati ilə təchiz edilmiş gənclərdir. Burada tədris kitablarla məhdudlaşmır. Biz fənlərarası əməkdaşlığı Qarabağda real həyat təcrübələri vasitəsilə öyrənirik".