"Telegram" messenceri "App Store"da bərpa olunub - YENİLƏNİB
- 04 avqust, 2026
- 07:37
"Telegram" messenceri yenidən "Apple" şirkətinin "App Store" tətbiqlər mağazasında əlçatandır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, "Telegram" tətbiqin əvvəllər bütün dünyadakı istifadəçilər üçün "App Store"dan yoxa çıxmasından sonra bərpa olunduğunu bildirib.
"Telegram" "App Store"da bərpa edilib və tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq", - şirkətin məlumatında qeyd olunub.
"Apple" və "Telegram" tətbiqin müvəqqəti silinməsinin səbəblərini açıqlamayıb. "iPhone" cihazlarında əvvəlcədən quraşdırılmış messencerdən istifadə mümkün idi.
"Apple" şirkəti səbəbini rəsmi şəkildə izah etmədən bütün dünyada "Telegram" messencerini "App Store"dan silib.
"Report" xəbər verir ki, avqustun 4-nə olan məlumata görə, tətbiq heç bir regionun axtarış nəticələrində görünmür və birbaşa keçidlər xəta verir.
İstifadəçilərin cihazlarında əvvəllər quraşdırılmış messencer versiyaları işləməyə davam edir, lakin "App Store" vasitəsilə yeni yükləmələr və yenilənmələr əlçatmaz olub. Nə "Apple", nə də "Telegram" rəhbərliyi hələlik rəsmi açıqlama ilə çıxış etməyib.
Analoji hadisə 2018-ci ildə, "Apple" kontentin moderasiyası ilə bağlı iradlara görə "Telegram"ı müvəqqəti bloklayanda da baş verib, amma sonradan tətbiq mağazaya qaytarılıb. 2024-cü ilin aprelində messencer yerli hakimiyyət orqanlarının tələbi ilə "App Store"un Çin seqmentindən də silinib, lakin hazırkı qlobal dayandırılma əvvəlcədən heç bir xəbərdarlıq edilmədən qeydə alınıb. Bu xəbərlər fonunda "Telegram"la əlaqəli kriptovalyuta aktivləri dəyərdən düşüb.
Pavel Durov tərəfindən əsası qoyulan "Telegram" bir milyarddan çox istifadəçisi olan dünyanın ən böyük messencerlərindən biridir.