Azərbaycanda halal turizm sahəsində yeni dövlət standartı qəbul olunub

Turizm
  • 01 aprel, 2026
  • 12:11
Azərbaycanda halal turizm sahəsində yeni dövlət standartı qəbul olunub

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS OIC/SMIIC 9:2026 "Halal turizm xidmətləri. Ümumi tələblər" dövlət standartını qəbul edib.

"Report" bu barədə AZSTAND-a istinadən xəbər verir.

Bildirilib ki, yeni standart yerləşmə vasitələri, tur paketləri, turist bələdçiləri və halal turizmə dair digər turizm xidmətlərini əhatə edərək, səyahətçilər üçün nəzərdə tutulmuş halal turizm obyektlərində təqdim olunan məhsul və xidmətlərin idarə olunmasına dair əsas prinsipləri və tələbləri müəyyən edir.

Halal turizm standartının tətbiq edilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların halal xidmətlərin effektiv idarə olunması bacarığının gücləndirilməsi, İslam qaydalarına uyğun turizm məhsul və xidmətlərinin təqdim edilməsi, həmçinin müştəri tələblərinin qarşılanması və bununla da müştəri məmnuniyyətinin artırılmasıdır.

Sözügedən standartı "Turizm və əlaqədar xidmətlər" standartlaşdırma üzrə Texniki Komitə (AZSTAND/TK 06) təqdim edib və AZSTAND onu təsdiq edərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.