Azərbaycan turizm bazarında yeni axınlar və xərclərin diversifikasiyası – ARAŞDIRMA

Turizm
  • 10 sentyabr, 2025
  • 10:08
Azərbaycan turizm bazarında yeni axınlar və xərclərin diversifikasiyası – ARAŞDIRMA

Bu ilin yanvar-iyul aylarında Azərbaycana turizm məqsədilə səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 932 409 nəfəri göstərilən xidmətlərdən razı qalıb.

"Report"un əldə etdiyi məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 % azdır.

Bu il ən çox məmnun qalan turistlər Rusiyadan gələnlər olub - 272 519 nəfər (-15,8 %). 

Türkiyədən gələn və xidmətlərdən razı qalan turistlərin sayı 107 736 nəfər təşkil edib ki, bu da illik müqayisədə 36,2 % çoxdur. Hindistandan gələn və ölkədəki xidmətdən məmnun qalan turistlərin sayı isə 98 156 nəfər olub (+18,5 %).

Bununla yanaşı, 108 237 nəfər turist xidmətlərindən narazı qaldığını bildirib. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 14,7 % azdır.

Narazı turistlərin ölkələr üzrə bölgüsünə baxdıqda, ilk sırada yenə də Rusiya yer alıb - 30 319 nəfər. Müsbət hal kimi, onların sayında il ərzində 30,1 % azalma müşahidə olunduğunu qeyd etmək olar.

Narazı turistlər arasında Türkiyədən olanların sayı 23 % artaraq 14 094 nəfər, Hindistandan olanların sayı isə 27,7 % azalaraq 12 023 nəfər olub.

Azərbaycana gələn turistlər ən çox avtobusla sərnişindaşıma xidmətindən narazı qalıb. Bu xidmətlə bağlı 23 min turist narazılığını qeyd edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 % azdır.

Metro ilə sərnişindaşıma xidmətindən narazı qalanların sayı isə 8 112 nəfər olub. Bu, 1 il əvvələ nisbətən 1,3 % artım deməkdir.

Tacikistan, İsrail, Çin turist axınını kəskin artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 182 ölkədən 1 milyon 477,9 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Gələnlərin 26,1 %-i Rusiya, 17,1 %-i Türkiyə, 8,1 %-i Hindistan, 7,9 %-i İran, 4,2 %-i Səudiyyə Ərəbistanı, 4,1 %-i Gürcüstan, 4 %-i Qazaxıstan, 3,2 %-i Pakistan, 2,3 %-i Çin, hər birindən 2 % olmaqla İsrail və Özbəkistan, 1,8 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1 % olmaqla Belarus və Küveyt, 12,5 %-i digər ölkələrin vətəndaşları olub. Səfər edənlərin 66,5 %-ini kişilər, 33,5 %-ini qadınlar təşkil edib.

Bir il əvvələ nisbətən Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,7 dəfə, Çindən - 1,6 dəfə, Yaponiyadan - 42,9 %, Qırğızıstandan - 36 %, İordaniyadan - 28,7 %, Qazaxıstandan - 20,6 %, Özbəkistandan -19,8 %, Niderlanddan -16,3 %, Pakistandan - 16,1 %, Kanadadan - 15,8 %, ABŞ-dan - 15,6 %, Almaniyadan -13,2 %, İtaliyadan - 10,9 %, Cənubi Koreyadan - 10,8 % artıb.

Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7 % artaraq 61 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 8,3 % azalaraq 237,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6 % azalaraq 522,7 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 4,1 % artaraq 656,8 min nəfər olub.

Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,5 %-i hava, 23,1 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Turistlər Azərbaycanda nə qədər xərcləyir?

Hesabat dövründə xarici turistlər Azərbaycanda ümumilikdə 1 milyard 902 milyon 989 manat pul xərcləyiblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır.

O cümlədən, turistlərin nəqliyyat xərcləri 875,1 milyon manat (-1,7 %) olub. Hesabat dövründə yerləşmə xərcləri 1,2 % azalaraq 393,6 milyon manata, qidalanma xərcləri isə 5,2 % azalaraq 351,5 milyon manata, mədəniyyətlə bağlı xərclər 35,2 % artaraq 11,2 milyon manata, turizm zərfinin alınmasına çəkilən xərclər isə 0,7 % artaraq 863,1 min manata çatıb.

Beləliklə,  bu ilin yanvar-iyul aylarında Azərbaycana turist axını az da olsa zəifləyib (-1,7 %), lakin turistlərin ümumi xərcləri 1,9 milyard manat səviyyəsində qalmaqla iqtisadiyyata mühüm dəstək olub. Xərclərin strukturunda azalma müşahidə olunsa da, mədəniyyət və turizm zərfi xərclərində artım Azərbaycanın xidmət keyfiyyətini diversifikasiya etməyə başladığını göstərir.

Turistlərin məmnunluq səviyyəsi sabit qalıb - 10 nəfərdən 9-u xidmətlərdən razıdır. Ən çox məmnunluq Türkiyə və Hindistandan gələn turistlərdə artıb, bu da Azərbaycan üçün Cənubi Asiya və türk dünyası bazarlarında imkanların genişləndiyini göstərir. Əksinə, Rusiya bazarında həm məmnun, həm də narazı turistlərin sayında azalma var, bu isə iqtisadi və geosiyasi amillərlə əlaqələndirilə bilər.

Narazılıqlar əsasən nəqliyyat və ictimai iaşə xidmətlərinə bağlıdır. Bu, turizm infrastrukturunun zəif həlqələrinin hələ də mövcud olduğunu, xüsusən də avtobus və metro xidmətlərində keyfiyyətin artırılmasına ehtiyac olduğunu göstərir.

Coğrafi baxımdan ən çox artım Tacikistan, İsrail, Çin və Yaponiyadan müşahidə olunub. Bu, Azərbaycanın Mərkəzi Asiya, Yaxın Şərq və Uzaq Şərq bazarlarında mövqeyini gücləndirdiyini göstərir. Eyni zamanda, Körfəz və MDB ölkələrindən gələnlərin azalması turizm siyasətində yeni stimullaşdırıcı addımların vacibliyini gündəmə gətirir.

Nəticə etibarilə, Azərbaycan turizm sektoru rəqabət qabiliyyətini saxlayır, amma xidmət keyfiyyətinin yüksəldilməsi və müxtəlif bazarlara yönəlmiş hədəfli strategiyaların gücləndirilməsi zəruri olaraq qalır.