"PeşəFest-2025"in Bakıda yekun tədbiri keçirilib
- 22 oktyabr, 2025
- 15:00

Dövlət Məşğulluq Agentliyinin keçirdiyi "PeşəFest-2025"in Bakıda yekun tədbiri keçirilib.
"Report" xəbər verir ki, "Peşə öyrən, gələcəyini qur!" devizi ilə keçirilən tədbirin məqsədi gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək olub.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, təhsil müəssisələrindən rəhbər şəxslər, yeniyetmə və gənclər iştirak ediblər.
Çıxışçılar gənclər üçün düzgün peşə seçiminin vacibliyini, "PeşəFest"in bu baxımdan əhəmiyyətli dəstək rolu oynadığını qeyd ediblər. Onlar gənclərin müasir əmək bazarının tələbləri, aktual peşələr üzrə zəruri bacarıqlar və karyera imkanlarına dair praktiki məlumatlara yiyələnməsində, öz maraq və bacarıqlarını aşkara çıxarmalarında bu interaktiv layihənin önəmindən bəhs ediblər.
Sonra peşəkarlar ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri barədə məlumat verib, peşə seçimi ilə bağlı tövsiyələrini çatdırıblar. Festival musiqi qruplarının ifaları və iştirakçılar arasında keçirilmiş maraqlı viktorinalarla davam edib.
Qeyd edək ki, "PeşəFest-2025" layihəsinə ötən ay Astarada başlanıb. Daha sonra Biləsuvar, Tovuz, Göygöl, Ağdam, İmişli, Ağsu, Ağdaş, Qəbələ və Xaçmaz rayonlarında keçirilib. Ümumilikdə, 10 rayon və paytaxt Bakıda bu tədbirlərə 80 minədək iştirakçı qatılıb. Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunub.
İştirakçılar festivalda bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanıblar.