Nazir: Qarabağda məşğulluq proqramlarının tətbiqi genişləndirilir
- 22 oktyabr, 2025
- 14:22

Azad olunmuş ərazilərdə yeni sənaye zonaları və istehsal sahələri fəaliyyətə başlayıb, aktiv məşğulluq proqramlarının tətbiqi genişləndirilir.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "PeşəFest"in yekun tədbirində deyib.
Onun sözlərinə görə, həmin ərazilərdə məskunlaşmış iqtisadi fəal əhalidən 6108 nəfərin məşğulluğu təmin edilib:
"Onlardan 4533 nəfəri münasib iş yerləri ilə təmin olunub, 475 nəfər özünüməşğulluq proqramına cəlb edilib, 289 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına qatılıb".
A.Əliyev həmçinin bildirib ki, mövcud işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması, əmək məhsuldarlığının yüksəldilməsi və milli insan resurslarının beynəlxalq əmək bazarına inteqrasiyası bu istiqamətdə əsas hədəflərdəndir:
"Bu məqsədlə səriştə əsaslı yanaşma tətbiq olunaraq iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən 1500-dən çox peşə və kvalifikasiya standartı hazırlanıb və işəgötürənlərin istifadəsinə təqdim edilib. Hazırda Azərbaycan gəncləri üçün əsas çağırış - ixtisas seçimini yalnız bu günün deyil, həm də gələcəyin əmək bazarının tələblərinə uyğun şəkildə aparmaqdır. Bunun üçün peşəyönümlü təhsilin gücləndirilməsi, praktik təlimlərin genişləndirilməsi və gənclərin texnoloji yeniliklərə açıq olması mühüm əhəmiyyət kəsb edir".