Azərbaycanda gəlir vergisi ilə bağlı güzəştin müddəti artırılmaya bilər
- 22 oktyabr, 2025
- 16:45

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin ləğv edilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə güzəştin müddəti artırılmayıb.
Layihəyə əsasən, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar bunun 3 %-i qədər vergi ödəyəcək.
Bu nisbət 2027-ci ildə 5 %, 2028-ci ildən isə 7 % olacaq.
Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2027-ci ildə 125 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 2028-ci ildən isə 175 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər olacaq.
Aylıq gəliri 8 000 manatdan çox olanların vergisi isə 2026-cı ildə 625 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2027-ci ildə 675 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər, 2028-ci ildən isə 725 manat + 8 000 manatdan artıq hissənin 14 %-i qədər olacaq.
Qeyd edək ki, Vergi Məcəlləsinə dəyişikliklər layihəsi 2026-cı ilin büdcə zərfinə daxildir və Milli Məclisin müzakirəsinə təqdim olunacaq. Bu qayda qanun layihəsini Prezident İlham Əliyev təsdiq etdiyi halda qüvvəyə minə bilər.
Bununla bağlı ilk xəbəri "Qafqazinfo" yayıb.