Baş direktor: İmişlidəki müəssisə Cənubi Qafqazda pivəlik arpa emalı üzrə ixtisaslaşmış ilk istehsal obyektidir
- 29 oktyabr, 2025
- 12:18
Ötən gün İmişlidə açılışı olan "Promalt" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsi Cənubi Qafqazda pivəlik arpa emalı üzrə ixtisaslaşmış ilk istehsal obyektidir.
"Report"un İmişliyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri Azərbaycan Biznesinin İnkişafı Fondunun Baş Direktoru Murad Abdullayev Prezidentin izi ilə rayona təşkil olunan mediatur çərçivəsində jurnalistlərə deyib.
O qeyd edib ki, müəssisədə arpanın xüsusi prosedurlardan keçərək emalı nəticəsində pivə istehsalında əsas xammal olan malt istehsal edilir:
"Müəssisənin illik istehsal gücü 11 min ton təşkil edir. Müəssisə bir sıra göstəricilərinə görə ölkə iqtisadiyyatı üçün önəmlidir. Belə ki, müəssisə malt xammalı üzrə yerli pivə istehsalçılarının tələbatını qarşılamaqla idxalı azaldır, eyni zamanda ixrac potensialına da malikdir. Həmçinin emal olunan arpa ölkədə fəaliyyət göstərən fermer təsərrüfatlarından tədarük edilir və nəticədə aqrar sektorda əlavə dəyər yaradır".
M.Abdullayev bildirib ki, Fond olaraq layihənin dəstəklənməsi prioritetlərə tam uyğundur:
"Müəssisənin nizamnamə kapitalına 5 milyon 200 min manat investisiya qoyulub, eyni zamanda 6 milyon manat məbləğində güzəştli kredit verilib. Müəssisənin həm xammal təsərrüfatı, həm də emal sənayesinin dəyər zəncirində önəmli yer tutaraq davamlı olacağına inanırıq".