"Anglo Asian Mining Plc" Qarabağdakı mədəndən mis konsentratının satışına dair müqavilə bağlayıb
- 03 noyabr, 2025
- 12:57
Böyük Britaniyanın "Anglo Asian Mining PLC" şirkəti (AAM, Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator) Sinqapurun "Trafigura Pte Ltd" transmilli ticarət şirkəti ilə Qarabağ iqtisadi rayonunda yerləşən "Dəmirli" mis-molibden yatağında istehsal olunan konsentratın satışı üçün müqavilə bağlayıb.
Bu barədə "Report" AAM-in məlumatına istinadən xəbər verir.
"Trafigura" ilə Azərbaycan hökuməti tərəfindən təsdiqlənmiş mis konsentratının satışı üzrə müqavilə imzalanıb. Şirkət ilk konsentrat satışının 2025-ci ilin noyabr ayının ortalarında tamamlanacağını gözləyir", - məlumatda qeyd olunub.
Bundan başqa, bu müqaviləyə 25 milyon ABŞ dollarına qədər yenilənə bilən, əvvəlcədən ödəniş krediti də daxildir.
Şirkət bildirib ki, Azərbaycan hökumətindən "Dəmirli" yatağındakı zənginləşdirmə fabrikinin istismarı üçün lazımi lisenziyalar alınıb.
"Zəruri sənədlərin rəsmiləşdirilməsi davam edir. Lakin lisenziyalar bu proseslə paralel verilib. Eyni zamanda, AAM mövcud tullantı anbarından 12 aya qədər istifadə etmək üçün icazə alıb. Bu müddət ərzində ikinci tullantı anbarı inşa ediləcək. "Dəmirli" zənginləşdirmə fabrikinin əməliyyat icarəsi bu il oktyabrın 1-də başlayıb", - məlumatda bildirlib.
"Dəmirli" yatağı Azərbaycanın inzibati xəritəsində Tərtər rayonuna daxildir. Keçmiş Ağdərə rayonunun tərkibində olmuş Dəmirli kəndi, 1992-ci il oktyabrın 13-də Milli Məclisin qərarı ilə Tərtər rayonuna verilib. Bu yataq Azərbaycanın ən iri mis ehtiyatlarından birinə malikdir. Yataqda təxminən 275 min ton mis və 3,2 min ton molibden ehtiyatının olduğu bildirilir.
Qeyd edək ki, hazırda "Anglo Asian Mining" şirkəti 2 yataqda hasilat aparır. "Gədəbəy" yatağında ilk qızıl hasilatı 2009-cu ildə, gümüş hasilatı isə 2010-cu ildə başlanıb. "Qoşa" yatağı 2013-cü ilin sentyabrından işlənilir. Bu il ərzində "Vejnəli" və "Gilar" yataqlarında hasilatın başlanması planlaşdırılır.
Xatırladaq ki, 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, "Anglo Asian Mining PLC" şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir.