Azərbaycana gətirilmiş 480 kq dondurma istehlaka yararsız çıxıb
- 03 noyabr, 2025
- 18:10
Azərbaycana gətirilmiş 480 kq dondurma istehlaka yararsız çıxıb, xüsusi poliqonda məhv edilib
Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Avropa İttifaqından San Marino mənşəli "Special Frutta" əmtəə nişanlı dondurma istehsalı üçün nəzərdə tutulmuş yarımfabrikat məhsullarda metal qırıqlarının aşkar olunması barədə məlumat daxil olub.
AQTA da həmin məhsulu ölkəyə idxal edən "Virtus Commerce" MMC-də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq plandankənar yoxlama aparıb. Nəticədə müəssisəyə məxsus anbar sahəsində ümumilikdə 480 kiloqram dondurma istehsalı üçün yarımfabrikat məhsul aşkar edilib və bu məhsulların məhv edilməsi barədə qərar qəbul olunub.
Fiziki çirklənməyə məruz qalmış məhsulların məhv edilməsi "Təmiz Şəhər" ASC-nin Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda torpağa basdırılmaqla həyata keçirilib.