Vüqar Qurbanov: Xidmətlər Zərfində yer alan xidmətlərin 99 %-i dövlət tibb müəssisələrində icra olunur

Sağlamlıq
  • 19 dekabr, 2025
  • 12:55
Vüqar Qurbanov: Xidmətlər Zərfində yer alan xidmətlərin 99 %-i dövlət tibb müəssisələrində icra olunur

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində yer alan xidmətlərin 99 %-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icra olunur.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.

Onun sözlərinə görə, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilən tibbi xidmətlərin sayı əvvəlki illərlə müqayisədə 2 550-dən 3 315-ə qədər artırılıb:

"Bu, vətəndaşlara daha çox çeşiddə tibbi xidmət alma imkanı yaradıb və xüsusilə yüksək riskli və mürəkkəb xəstəliklərin müalicəsini sığorta təminatına daxil etməklə, əhalinin real sağlamlıq göstəricilərinə müsbət təsir göstərib. İcbari tibbi sığortanın Xidmətlər Zərfində yer alan 6 171 tibbi xidmət və diaqnozun 6 131-i, yəni 99 faizi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icra olunur".

V.Qurbanov həmçinin əlavə edib ki, icbari tibbi sığorta çərçivəsində icra olunmuş tibbi xidmətlərin sayında 17% artım müşahidə olunub:

"Bu ilin 11 ayı ərzində tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində icra olunan tibbi xidmətlərin miqdarı 73 935 191, tibbi xidmətlərin məbləği isə 871 374 631 manat təşkil edib. 2024-cü ilin qeyd edilən dövrü ilə müqayisədə icra olunmuş tibbi xidmətlərin sayında 17%, məbləğində isə 7% artım müşahidə olunub".

TƏBİB rəhbəri qaraciyər və böyrək köçürülməsi əməliyyatlarının Yeni Klinikada, ürək-damar cərrahiyyəsi və invaziv-radioloji xidmətlərin Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Lənkəran və Şəki rayon mərkəzi xəstəxanalarında, endoprotez əməliyyatlarının isə Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Respublika Klinik Xəstəxanası, Nizami, Kliniki, Sabunçu, Sumqayıt tibb mərkəzlərində, Abşeron, Quba və Qəbələ rayon mərkəzi xəstəxanalarında uğurla icra edildiyini deyib:

"Bununla yanaşı, TƏBİB tabeli 13 müəssisədə kataraktanın fakoemulsifikasiyası və aspirasiyası, 23 müəssisədə - intravitreal inyeksiya, avastin xidmətinin icrası həyata keçirilir. Radioloji xidmətlərdən Bakı şəhəri üzrə 7 müəssisədə Maqnit Rezonans Tomoqrafiyası (MRT) və Kompüter Tomoqrafiyası (KT) xidmətləri, regionlar üzrə 9 müəssisədə MRT, 16 tibb müəssisəsində isə KT xidmətləri həyata keçirilir".

Son xəbərlər

Bütün Xəbər Lenti