Azərbaycanda kənd təsərrüfatında istifadə olunan kimyəvi dərmanlara dair monitorinqlərə başlanılıb

Sağlamlıq
  • 21 noyabr, 2025
  • 12:20
Azərbaycanda kənd təsərrüfatında istifadə olunan kimyəvi dərmanlara dair monitorinqlərə başlanılıb

Azərbaycanda pestisidlərin (kənd təsərrüfatında istifadə olunan kimyəvi dərmanlar) saxlanması və satışına dair monitorinqlərə başlanılıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, monitorinqlər AQTA, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupları aparır.

Tədbirlərin məqsədi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin təhlükəsizlik tələblərinə riayət olunmasını, saxtalaşdırma hallarının qarşısının alınmasını və istifadəçilərin keyfiyyətli preparatlara əlçatanlığını təmin etməkdir.

Monitorinqlər zamanı təsərrüfat subyektlərində məhsulların saxlanma şəraiti, təhlükəsizlik və yanğın əleyhinə sistemlər, məsafə və infrastruktur tələbləri, dövlət qeydiyyatı və etiketləmə tələbləri, həmçinin məhsulların keyfiyyəti və yararlılıq müddəti yoxlanılacaq.

Qanunvericiliyə əsasən dövlət sınağından keçməmiş, qeydiyyata alınmamış, istifadəsi qadağan edilmiş və yararlılıq müddəti bitmiş preparatların istehsalına, idxalına, saxlanmasına və satışına yol verilmir. Zəhərli maddələr yalnız xüsusi təhlükəsiz anbarlarda saxlanmalı, yanğınsöndürən vasitələr və havalandırma sistemi ilə təmin edilməlidir. Aşkar ediləcək qeyri-qanuni və istifadəyə yararsız preparatlar "Cəngi pestisid poliqonu"na daşınaraq təhlükəsiz şəkildə zərərsizləşdiriləcək.

Son xəbərlər

Bütün Xəbər Lenti