Gürcüstanı maliyyə və iqtisadi cinayətlərdə təqsirli bilinən şəxslərin tərk etməsi qadağan ediləcək

Region
  • 15 oktyabr, 2025
  • 19:55
Gürcüstanı maliyyə və iqtisadi cinayətlərdə təqsirli bilinən şəxslərin tərk etməsi qadağan ediləcək

Gürcüstan Parlamenti Cinayət-Prosessual Məcəlləyə dəyişiklikləri birinci oxunuşda qəbul edib.

"Report"un yerli bürosu xəbər verir ki, dəyişikliyə əsasən, bəzi maliyyə və iqtisadi cinayətlərdə təqsirli bilinən şəxslərin dəymiş ziyan tam ödənilənə qədər ölkədən çıxışı qadağan ediləcək.

Hüquq məsələləri komitəsinin sədrinin birinci müavini Tornike Çeişvili bildirib ki, qanun layihəsinin əsas məqsədi ölkədən çıxış qadağasını tənzimləyən normaları təkmilləşdirmək və qurbanlara kompensasiyaların ödənilməsini daha çevik şəkildə təmin etməkdir.

O izah edib ki, qadağa yalnız Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulmuş, xüsusilə iqtisadi və maliyyə cinayətlərinə – dələduzluq, mənimsəmə, əmlaka ziyan vurma, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər oxşar əməllərə görə təqsirli bilinən şəxslərə şamil ediləcək.

Qanunvericiliyə görə, üç şərt yerinə yetirildikdə – şəxs cinayətdə təqsirli bilinmiş, zərərçəkmişə kompensasiya ödənilməli və məhkum Gürcüstanı tərk etməyə yazılı şəkildə imtina etməyibsə – ölkədən çıxışı avtomatik qadağan ediləcək.

Qadağanın icrasını təmin etmək üçün Milli İcra Bürosu Daxili İşlər Nazirliyinə sərhəddə müvafiq tədbirlər görülməsi barədə bildiriş göndərəcək, Cinayətlərin Qarşısının Alınması və Qeyri-Həbs Müəssisəsi Agentliyi isə elektron nəzarət mexanizmi vasitəsilə icranı təmin edəcək.

Çıxış qadağasından yalnız zərərçəkmişə dəymiş ziyan ödənildikdə və ya zərərçəkmiş kompensasiya ödəməkdən imtina etdikdə azad olmaq mümkün olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti