Türkiyə XİN: Yəməndə baş verən hadisələr narahatedicidir
- 27 dekabr, 2025
- 00:48
Türkiyə Xarici İşlər Nazirliyi Yəməndə son dövrdə baş verən hadisələri "narahatedici" kimi xarakterizə edib.
"Report" xəbər verir ki, bu, nazirliyin bəyanatında yer alıb.
Yəməndə təhlükəsizlik və sabitliyin təmin edilməsi məqsədilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən həyata keçirilən təşəbbüslər yüksək qiymətləndirilib.
Türkiyənin Yəmənin suverenliyi və ərazi bütövlüyünün qorunmasını, ölkədə rifah və hüzurun təmin edilməsini hədəfləyən bütün təşəbbüsləri dəstəkləməyə davam edəcəyi açıqlanıb.
Qeyd edək ki, Yəməndəki Cənub Keçid Şurası (CKŞ) 4 dekabr tarixində ölkənin şərqində yerləşən neftlə zəngin Hədraməvt vilayətindəki ən vacib bölgələri, həyati əhəmiyyətə malik şəhərləri və neft yataqlarını nəzarətə götürdüyü bildirilib. Dekabrın 9-da Mehra vilayətinin də ələ keçirildiyi açıqlanıb.
Yəmən Prezidentlik Şurası isə Hədraməvt və Mehra vilayətlərindən geri çəkilmək çağırışı edib. Lakin Cənub Keçid Şurası vilayətlərdən çıxmayıb.
Bununla yanaşı, Yəmənin neft şirkəti "PetroMasila" bəzi obyektlərin Hədraməvt Qəbilələr İttifaqı təəfindən ələ keçirilməsi səbəbindən 1 dekabr tarixində istehsalı tamamilə dayandırıb.
Onu da bildirək ki, Yəməndə 2013-cü ildə qurulan və vilayət üçün muxtariyyət tələb edən Hədraməvt Qəbilələr İttifaqı CKŞ və Yəmən hökumətinə bağlı olmayan yerli qüvvələrdən ibarətdir. Bu isə ölkədəki vəziyyəti daha da gərginləşdirir.