Tbilisidə "Holiday Inn" otelində atışma olub, bir nəfər saxlanılıb
- 25 sentyabr, 2025
- 15:42

Tbilisidə yerləşən "Holiday Inn" otelində baş verən atışma ilə bağlı bir nəfər saxlanılıb.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, bu barədə Tbilisi Polis Departamentinin direktoru Vaja Siradze məlumat verib.
Onun sözlərinə görə, oteldən daxil olan məlumat əsasında polis əməkdaşları operativ tədbirlər həyata keçiriblər.
"Mehmanxana otağından atəş açılması ilə bağlı siqnal daxil olub. Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə cəlb edilib, otaqda axtarış aparılıb və həmin şəxs saxlanılıb. Otel əməkdaşlarının da dediyi kimi, güllə səsləri eşidilib. Hazırda hadisə yeri və otağa baxış keçirilir, məlumat dəqiqləşdirilir," – deyə Vaja Siradze bildirib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı (qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə) və 151-ci (hədə-qorxu) maddələri üzrə istintaq aparılır.