Zəngilan və Cəbrayılda Anım Gününə həsr olunmuş tədbir keçirilib
- 27 sentyabr, 2025
- 21:45

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 27 Sentyabr – Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Bu barədə "Report"a Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.
Günün başlanğıcında Zəngilan Şəhidlər xiyabanı ziyarət edilib, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın məzarlarına gül dəstələri qoyulub. Anım mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının rəhbər heyəti, əməkdaşları və sakinlər iştirak ediblər.
Tədbirin davamı olaraq, Zəngilan Şəhidlər xiyabanı ətrafında ağacəkmə aksiyası baş tutub. Aksiya çərçivəsində müasir damcı suvarma sistemi çəkilən ərazidə 140 ədəd Leyland sərvi, 100 ədəd Xan çinarı, 100 ədəd Eldar şamı, 50 ədəd isə Parlaq birgöz ağacı olmaqla, ümumilikdə 390 ədəd ağac əkilib.
Daha sonra Zəngilan rayonunun Ağalı kəndində şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbində sakinlər, yerli qurum nümayəndələri, məktəb kollektivi Anım Gününü təhsil ocağında qeyd ediblər.
Tədbir Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbdə davam edib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib ki, Anım Günü yalnız Vətən uğrunda canlarını qurban verən igid şəhidlərimizin anıldığı kədər və hüzn günü deyil, həm də milli qürur, birliyin və iradənin təntənəsi günüdür.
Daha sonra tədbirdə Anım Günü ilə bağlı videoçarx nümayiş etdirilib, şəhid ailə üzvləri, yerli ağsaqqallar, şəhər ictimaiyyəti nümayəndələri çıxış edib, məktəbin şagirdləri vətənpərvərlik ruhunda şeir və mahnılar səsləndiriblər.