Tbilisi meri: QHT-lərlə inqilabların təşkili sxemi deşifrə olunub, indi universitetlərdən istifadə edilir
- 22 sentyabr, 2025
- 13:04

Qeyri-hökumət təşkilatları (QHT) vasitəsilə "inqilab ssenariləri"nin qurulması artıq ifşa olunub, indi isə ali təhsil müəssisələri üzərindən vəsaitlərin gətirilməsi prosesi başlayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze Gürcüstanda keçirilən etiraz aksiyalarının maliyyələşdirilməsi ilə bağlı danışarkən bildirib.
Kaladze qeyd edib ki, "Imedi" telekanalında Gürcüstan Universiteti və Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Giorgi Baçiaşvilinin etiraz aksiyalarını maliyyələşdirməsi barədə yayılan məlumat onun üçün yeni deyil:
"Bu, əvvəldən axıra qədər onun siyasi proseslərdə iştirak etdiyini bir daha təsdiqləyir. QHT-lər vasitəsilə inqilabların təşkili və cəmiyyəti parçalamaq sxemi artıq üzə çıxıb. İndi isə universitetlər vasitəsilə vəsaitlərin gətirildiyi görünür. Lakin hər şeyə qanun çərçivəsində cavab veriləcək".
Paytaxt meri əlavə edib ki, müxalifətin oktyabrın 4-də hökumətin dinc yolla devrilməsi planı reallaşmayacaq.
"Oktyabrın 4-də heç nə baş verməyəcək. Yeganə hadisə bizim – "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasının qələbəsini qeyd etməyimiz olacaq. Bu, həm ölkəmizin, həm də xalqımızın qələbəsi olacaq", – o bildirib.