Şalva Papuaşvili: Müxalif qrupların seçki qərargahına hücumu xarici müdaxilənin açıq nümunəsidir
- 09 sentyabr, 2025
- 14:38

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tbilisinin Melikişvili prospektində, mer Kaxa Kaladzenin seçki qərargahı qarşısında baş verən qarşıdurmaya münasibət bildirib.
"Report"un yerli bürosu xəbər verir ki, o, hücumun seçkilərə xarici müdaxilənin bariz nümunəsi olduğunu söyləyib:
"Məqsəd ölkədə zorakı seçki mühiti yaratmaqdır. Bu prosesdə bəzi xarici diplomatların təşviq etdiyi radikal qruplarla yanaşı, xaricdən maliyyələşən təbliğat platformaları da iştirak edir. O cümlədən Brüsselin maliyyələşdirdiyi "Netgazeti" təkcə zorakılığı təbliğ etmir, həm də "Gürcü Arzusu"nun qərargahına hücumları təşkil edir".
Qeyd edək ki, ötən gün Tbilisi meri Kaxa Kaladzenin seçki qərargahı qarşısında etiraz aksiyası keçirilib. Nəticədə hakim partiyanın tərəfdarları ilə müxalifətçilər arasında gərginlik yaşanıb. Belə ki, tərəflər arasında mübahisə daha sonra toqquşmaya çevrilib. Polis qüvvələri insidentin böyüməsinin qarşısını alıb.