Rubinyan: Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına və diplomatik əlaqələrin qurulmasına hazırdır
- 08 sentyabr, 2025
- 16:43

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla görüşündə sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması ilə bağlı məsələləri müzakirə edəcək.
"Report"un erməni KİV-inə istinadən verdiyi məlumata görə, bunu R.Rubinyan jurnalistlərə bildirib.
Ermənistan tərəfdən xüsusi nümayəndə R.Rubinyan qeyd edib ki, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar regional proseslərə müsbət təsir göstərir:
"Biz nikbin əhval-ruhiyyədəyik. Serdar Kılıçla danışıqlarda əsasən sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması ilə bağlı məsələlər müzakirə olunacaq", - o bildirib.
R.Rubinyanın sözlərinə görə, sərhədlərin açılması məsələsi Türkiyə tərəfi ilə qarşıdakı görüşlərdə əsas məsələ olacaq. O, həmçinin qeyd edib ki, 2023-cü ildə Türkiyə ilə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılması haqqında saziş hələ həyata keçirilməyib, lakin əldə edilmiş razılaşmaların tezliklə yerinə yetiriləcəyinə ümid etdiyini bildirib.
O vurğulayıb ki, münasibətlərin normallaşması prosesinin bütün məqsədi dialoqu bərpa etmək və diplomatik əlaqələri gücləndirməkdir.
Görüşün harada - İrəvanda, yoxsa sərhəd ərazisində keçiriləcəyi sualına Rubinyan cavab verməyib.
Bildirildiyi kimi, görüşdə tərəflər "Marqara" – "Alican" sərhəd keçid məntəqəsinin fəaliyyəti və əvvəllər qəbul edilmiş qərarların həyata keçirilməsini müzakirə edəcəklər. Bu, iki ölkənin nümayəndələrinin nümayəndə heyətləri səviyyəsində ilk görüşü olacaq.