Baş nazir: Aİ müşahidəçiləri Azərbaycanla sülh sazişi imzalanana qədər Ermənistanda qalacaqlar
- 04 noyabr, 2025
 - 12:57
 
                            
                            
                        Avropa İttifaqının (Aİ) müşahidəçiləri Azərbaycanla sülh sazişi imzalanana qədər Ermənistanda qalacaqlar.
"Report"un Ermənistan KİV-inə istinadən məlumatına görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
O əlavə edib ki, sülh sazişi imzalandıqdan və ratifikasiya olunduqdan sonra formatda dəyişikliklər baş verəcək və bu məsələ ilə bağlı Ermənistan avropalı həmkarları ilə daha ətraflı müzakirələr aparacaq.
N.Paşinyan yenidən Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan, Aİ, ABŞ, Çin, Türkiyə, Mərkəzi Asiya ölkələri üçün TRIPP layihəsinin (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçməli olan 42 kilometrlik hissəsi - red.) həyata keçirilməsinin vacibliyini vurğulayıb.
"Bu, artıq layihənin təkcə həyata keçiriləcəyinin deyil, həm də müasir tarixin ən uğurlu layihəsi olacağının və ölkələr üçün gəlir, təhlükəsizlik və sabitlik gətirəcəyinin zəmanətidir", - o bildirib.
N.Paşinyan qeyd edib ki, Qazaxıstandan gələn yük Azərbaycan və Gürcüstandan keçməklə tezliklə Ermənistana çatacaq. Onun sözlərinə görə, bu, kommunikasiyaların açılmasının reallıq olduğunu göstərir. N.Paşinyan, bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevə yenidən minnətdarlığını bildirib.